ATƏT-in Minsk qrupunun özü Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunmasına şərait yaradır. Modern.az xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bugünkü mətbuat konfransında bildirib.
“Müharibə birmənalı şəkildə qaçılmazdır, həm də o dərəcədə ki, ATƏT-in Minsk Qrupu öz son üç bəyanatında bunun təbliğatı ilə məşğul olub”, - deyə politoloq bəyan edib.
O deyib ki, Minsk qrupu öz davranışı və hərəkətləri ilə vasitəçilik missiyasının heç nəyə qadir olmamasını sübut edib. “Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Minsk qrupunun nə resursları, nə də gücü var. Minsk qrupu özü müharibədə maraqlıdır”, - deyə M.Əhmədoğlu vurğulayıb.
Mərkəzin rəhbəri müharibə ərəfəsində hadisələrin inkişafının iki variantını proqnozlaşdırıb. Birinci halda, ATƏT MQ öz missiyasını davam etdirir və o zaman “böyük müharibə” ssenarisi yaranır. Burada ABŞ münaqişəni Şimali Qafqaza tərəf yönəltməyə çalışacaq, Rusiya isə İranı Dağlıq Qarabağ münaqişəsində vasitəçi edəcək.
İkinci halda, ATƏT-in Minsk Qrupu öz fəaliyyətini tamamilə dayandırır və bu zaman hadisələrin inkişafının ikinci - “kiçik müharibə” variantı yaranır.
M.Əhmədoğlu qeyd edib ki, hazırda Ermənistanı dünya dövlətləri manipulyasiya edir. Onun sözlərinə görə, İrəvanın NATO ilə sıx əməkdaşlıq etmək istəyi barədə bəyanatı Ermənistanın tədricən antiiran mərkəzinə çevrilməsindən xəbər verir.
“Ermənistan həm öz indiki geosiyasi vəziyyəti, həm də iqtisadi vəziyyəti baxımından acınacaqlı vəziyyətdədir”, - deyə mərkəzin rəhbəri bəyan edib. Onun sözlərinə görə, Azərbaycan “yoxsul qonşu” ilə qonşuluqda maraqlı və buna hazır deyil, çünki Ermənistandan bu halda hər şey gözəmək olar.
Rusiyanın regionda siyasətini şərh edərək, Əhmədoğlu qeyd edib ki, RF hökumətində Ermənistanla problem əsasında Rusiya və Azərbaycan arasında qarşıdurmada marağı olan şəxslər var. “Lakin biz Rusiya ilə heç zaman düşmən olmayacağıq, bizim Rusiya ilə həmişə müsbət münasibətlərimiz qurulub”, - deyə Əhmədoğlu vurğulayıb. “Azərbaycan həmişə Rusiya və Azərbaycanın düşmən kimi bir-birinə qarşı qoyulmasına mane olacaq”, - deyə o qeyd edib.
Modern.az