Bir müddət öncə Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkiləri ilə bağlı rayonlarda sorğular keçirdikləri barədə məlumat vermişdik. Həmin sorğu yerlərdə nüfuzlu insanların reytinqlərıni müəyyənləşdirmək məqsədilə keçirilir.
Modern.az saytının aradırmaları zamanı məlum olub ki, artıq Azərbaycanın rayonlarının 80 faizində belə sorğular yekunlaşıb və nəticələr də məlumdur.
Saytımıza verilən məlumata görə, sorğu keçirilən rayonların təxminən 30 faizini təmsil edən hakimiyyətə yaxın deputatların reytinqi gözlənilən nəticələri verməyib. Belə ki, həmin deputatlar nüfuz məsələsinə, seçicilər arasındakı hörmətlərinə görə mümkün namizədlər sırasında üçüncü, dördüncü yerləri əldə edə biliblər. Bu məlumat həmin deputatların özlərinə də çatdırılıb.
Hətta onlara qarşıdakı parlament seçkilərində namizədliklərini irəli sürməmək tapşırığı da verilib.
Modern.az-ın əməkdaşı məsələyə millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun münasibətini öyrənmək istəyib. Amma partiya funksioneri sözügedən məsələ barəsində suallara hələ cavab verməyəcəyini və bir müddət sonra danışa biləcəyini bildirib.
Modern.az