Modern.az

Yeni QHT-lər və yeni qəzetlər dövlət qeydiyyatına alınıb

Yeni QHT-lər və yeni qəzetlər dövlət qeydiyyatına alınıb

6 Avqust 2010, 23:11
Avqustun 6-da Ədliyyə Nazirliyinin kollegiya iclasında 2010-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Modern.az
xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda nazir Fikrət Məmmədov çıxış edib. Kollegiyada ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri, habelə Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub, hesabatlar dinlənilib.

Qeyd olunub ki, cari ilin birinci yarısında nazirlik tərəfindən 86 normativ-hüquqi akt layihəsi hazırlanıb, müxtəlif hüquq münasibətlərini tənzimləyən 841 belə akt hüquqi ekspertizadan keçirilib. 13 mindən çox bələdiyyə aktı inzibati nəzarət qaydasında yoxlanılıb, habelə 115 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması üzrə məsələ qaldırılıb.
 
Bu ilin 6 ayı ərzində ölkənin notariat orqanları tərəfindən 1,4 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 154 mindən artıq əməliyyat aparılıb. İclasda qeydiyyat prosedurlarının təkmilləşdirilməsi ilə əlaqədar qanunvericiliyə edilmiş dəyişikliklərin tətbiqi üzrə vəzifələrdən danışılaraq zəruri tədbirlər müəyyən olunub.

Bildirlib ki, bu ilin birinci yarısında 87 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb, 114 mətbu nəşr uçota götürülüb. İclasda görülmüş işlərlə yanaşı, mövcud nöqsanlar və problemlərdən danışılıb, əhaliyə göstərilən hüquqi xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təsirliliyinin artırılması, kadr potensialının möhkəmləndirilməsi, qabaqcıl texnologiyalar geniş tətbiq edilməklə ədliyyə və məhkəmə infrastrukturlarının müasirləşdirilməsi üzrə konkret tapşırıqlar verilib.
Kollegiyada, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Modern.az  

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI