Modern.az

13 min 729 şəhid ailəsi prezident təqaüdü alır

13 min 729 şəhid ailəsi prezident təqaüdü alır

9 Avqust 2010, 11:41

Ölkə başçısının 2006-cı il dekabrın 19-da imzaladığı fərmanla Qarabağ müharibəsində həlak olan hərbi və mülki şəhidlərin ailələri üçün prezident təqaüdü təsis edilib. 2007-ci il yanvarın 1-dən başlayaraq hər bir şəhid ailəsinə ayda 100 manat prezident təqaüdü verilir.
Nazirlər Kabinetinin 15 iyul 2009-cu il tarixli sərəncamı ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilib. Həmin dəyişiklikdən sonra   atəşkəs dövründə döyüş şəraitində şəhid olan, itkin düşən və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə də şəhidlik statusu verilir.

Nazirlər Kabinetinin müəyyənləşdirdiyi «Şəhid ailəsi üçün prezident təqaüdünün təyin olunması və ödənilməsi qaydaları»na əsasən şəhid ailəsi üçün prezident təqaüdü şəhidin həyat yoldaşına, valideynlərinə, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə verilir. Şəhidin 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş uşaqları və ya uşaq evlərində tərbiyə olunan ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir. Şəhidin qəyyumluğa verilmiş uşaqlarına prezident təqaüdü təyin edilərkən himayəçi ailə tərkibində nəzərə alınmır. Təqaüd hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqədar sektorundan Modern.az saytına verilən məlumata görə hazırda Azərbaycanda 13 min 729 şəhid ailəsi prezident təqaüdü alır.

Yeri gəlmişkən, ölkə başçısının 19 yanvar 2006-cı il tarixli digər fərmanı ilə «20 Yanvar» şəhidlərinni ailələrinə də prezident təqaüdü verilir. Bu kateqoriyadan olan şəhidlərin ailələrinə aylıq olaraq 300 manat məbləğində prezident təqaüdü təsis edilib. Ümumilikdə 140 nəfər «20 Yanvar» şəhidinin ailəsinə hər ay prezident təqaüdü verilir.


Mail Ağaxanov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI