Modern.az

Azərbaycanda “qara transplantasiya” mövcud deyilmiş

Azərbaycanda “qara transplantasiya” mövcud deyilmiş

Ölkə

14 Avqust 2010, 18:40

Son günlər Azərbaycan və bəzi xarici kütləvi informasiya vasitələrində Azərbaycanda insan orqanlarının “qara transplantasiya”sını həyata keçirən tibb müəssisələrinin olduğu barədə məlumatlar verilir. Bu məlumatlara görə, həmin bizneslə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmaya Ukrayna və İsrail vətəndaşları daxildirlər. Dəstə uzun müddət ərzində Belarus, Moldova, Rusiya, Özbəkistan və Ukrayna vətəndaşlarını pulla ələ alaraq onları Azərbaycan və Ekvadora aparmaqla transplantasiya üçün daxili orqanlarının çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatı keçirməyə sövq ediblər. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu isə avqustun 14-də belə məlumatları həqiqətə uyğun olmayan informasiyalar adlandırıb.

Modern.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib: “Göstərilənlərlə əlaqədar bildiririk ki, ölkə ərazisində fəaliyyət göstərən tibbi klinikalarda  insan orqanlarının qanunsuz transplantasiyası (köçürülməsi), həmçinin əməliyyatlar zamanı insanlar arasında ölüm hallarının qeydə alınması barədə yayılan informasiyalara aydınlıq gətirilməsi və bu barədə qarşı tərəfin mövqeyini əks etdirən rəsmi məlumatın verilməsi məqsədi ilə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsi tərəfindən Ukrayna Baş Prokurorluğunun müvafiq idarəsi ilə əlaqə saxlanılmış, eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən əlaqədar tabe qurumlara müvafiq əməliyyat tapşırıqları verilmişdir”.   Baş Prokurorluq bəyan edib ki, aparılmış ilkin araşdırmalarla respublika ərazisində, o cümlədən Bakı şəhərində insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası halları aşkar edilməyib: “Lakin bu kimi halların aşkar edilməsi istiqamətində Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əlaqəli şəkildə intensiv əməliyyat tədbirləri davam etdirilir və belə hallar aşkarlanarsa, qanuna müvafiq tədbirlərin görülməsi təmin olunmaqla bu baradə ictimaiyyətə məlumat veriləcəkdir”. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI