Modern.az xəbər verir ki, bu gün Silahlı Qüvvələrə Yardım Fondunun yaradılmasının 8 ili tamam olur. Fond mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.
Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro ilə hesabları fəaliyyət göstərir.
Modern.az saytı Silahlı Qüvvələrə Yardım Fonduna 8 il ərzində yığılan vəsaitin məbləğini dəqiqləşdirmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Lakin nazirliyin işlər idarəsindən bu barədə məlumat almaq cəhdlərimiz nəticəsiz qalıb.
Yalnız onu qeyd edə bilərik ki, bu ilin əvvəlinə olan rəsmi məlumata görə, ötən 7 il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna təxminən 4 milyon 310 min manat, 96 min dollar, 600 avroyadək vəsait toplanıb.
Modern.az