Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-də “Ən “peşəkar əməliyyatçı” və “peşəkar poçtalyon” adı uğrunda müsabiqənin keçirilməsi ilə əlaqədar müsabiqə komissiyası yaradılıb.
Modern.az-ın məlumatına görə, müsabiqənin başlıca məqsədi “Azərpoçt” MMC-nin struktur tərkibinə daxil olan filiallarda öz sənətini sevən və bu sahədə bilik və bacarığı ilə fərqlənən, sənətinin sirləri ilə yaxından tanış olan, öz sənətinin sahibi olması ilə fəxr edən, rabitəçi adını daşıyan, digər işçilərin öyrədilməsində fərqlənən əməliyyatçı və poçtalyonun müəyyənləşdirilməsidir.
Qeyd olunanlarla əlaqədar olaraq, namizədlərin (bir nəfər "ən peşəkar əməliyyatçı" və "ən peşəkar poçtalyon") komissiyaya göndərilməsi haqqında bütün yerli poçt filiallarına məktublar göndərilib.
Poçt filialları tərəfindən təqdim edilmiş namizədlərin seçilməsi “Poçt Qaydaları”na riayət olunmaqla müsabiqə yolu ilə həyata keçiriləcək. Qaliblərin müəyyən edilməsi cari ilin sentyabr ayının 17-dək planlaşdırılır.
Qaliblərin “Azərpoçt”-un “Fəxri Fərman”ı və 1-ci yer üçün 100 manat, 2-ci yer üçün 80 manat və 3-cü yer üçün 60 manatla mükafatlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin peşə bayramı gününün qeyd olunmasına həsr edilib.
Modern.az