2010-cu ilin yeddi ayı ərzində istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 23,2 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 2599,7 manat (3235,5 ABŞ dolları) təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz, qeyri-neft sektorunda isə 4,2 faiz artıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2 faizini təşkil edib. Ümumi daxili məhsul istehsalının 55,5 faizi sənayenin, 4,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 6,9 faizi tikintinin, 7,0 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərin, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatının, 1,1 faizi mehmanxana və iaşə xidmətlərinin, 1,8 faizi informasiya və rabitə xidmətlərinin, 10,6 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında əhalinin adambaşına gəlirləri 2009-cu ilin eyni dövrü ilə müqayisədə 8,0 faiz artaraq 1527,4 manat və ya 1900,9 ABŞ dolları təşkil edib. Bu dövrdə hər ay adambaşına orta hesabla 218,2 manat (271,6 ABŞ dolları) məbləğində gəlir düşüb ki, bu da 2009-cu ildəkindən 16,2 manat çoxdur. İlin yeddi ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 13,6 milyard manatlıq gəlirin 70,2 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,6 faizi isə kapital və əmanətlərin artırılmasına yönəldilib. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 12,3 milyard manatlıq və ya əvvəlki ildəkindən 9,9 faiz çox vəsait qalıb.
Modern.az