Türkiyə - Ermənistan sərhədlərinin açılması ilə bağlı proseslər yenidən qızışıb. Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı bağlamışdı. Ancaq indi Kəlbəcərin işğal altında qaldığı bir zamanda sərhədlərin açılması məsələsi Türkiyə siyasətini nə qədər ciddi göstərir?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayənd heyətinin sədr müavini Gültəkin Hacıbəyli Modern.az-a bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsiylə bağlı son proseslərə inanmaq istəmir: “Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Türkiyə Ermənistan sərhədləri o zaman açılacaq ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunsun. Əks təqdirdə Ermənistanla sərhəd açılmayacaq. Mən ümid edirəm ki, rəsmi Türkiyə bu mövqeyinə sədaqət göstərəcək, heç vaxt Ermənistanla sərhədləri açmayacaq”.
Deputat qeyd edir ki, Türkiyə 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə bağlı Ermənistanla sərhədlərini bağladı: “Bu səbəb aradan qalxmayınca sərhədlərin açılması da inanılmaz görülür. Onu da qeyd etməliyəm ki, indiki situasiyada Türkiyə Ermənistanla sərhəddi açarsa, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində Azərbaycanın apardığı danışıqlarda ağır şərait, ağır vəziyyət yarana bilər. Təbii ki, bunu Türkiyə də düşünməmiş deyil. Ona görə də Türkiyənin belə bir addım atacağına inanmaram. Türkiyə yaxşı bilir ki, onun Qarabağla bağlı atdığı hər hansı addım danışıqlar prosesinə təsir edir. Düşünürəm ki, Türkiyə bu istiqamətdə ədalətin, Azərbaycanın tərəfində duracaq”.
Vüqar AĞAMALIOĞLU