Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki Tovuz rayonuna səfər edib. Səfirin səfəri rayon icra başçısı Tofiq Zeynalovla başlayıb. T.Zeynalov yaponiyalı diplomata Tovuz rayonu barədə məlumat verib. Daha sonra Masamitsu Oki deputat Qənirə Paşayevanın müşayiəti ilə Şəhidlər xiyabanını ziyarət edib.
Q.Paşayeva yaponiyalı səfiri erməni işğalçılarının Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun sərhəd kəndlərini mütəmadi olaraq atəş altında saxlamaları barədə məlumatlandırıb.
Qonaq rayonun Girzan kəndində olub, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə tikilmiş Tibb Məntəqəsinin açılışında iştirak edib.
Masamitsu Oki və Qənirə Paşayeva Tovuzun Ermənistanla sərhəddə yerləşən Hacıalı kəndinə də baş çəkib. Burada onlar atəşkəs dövründə mütəmadi olaraq atəşə məruz qalan kənd orta məktəbi və evlərə baxıblar. Qənirə Paşayeva səfirə Ağdam kəndində kənd məzarlığının və neytral ərazilərdə yerləşən otlaq sahələrin ermənilər tərəfindən yandırılması barədə məlumat verərək, ermənilərin bu yanğınları kənd sakinlərinin əkinlərinə ziyan vermək üçün küləkli havada qəsdən törətdiklərini qeyd edib. Deputat səfirə Tovuz rayonunun sərhəd kəndlərində də tibb məntəqəsinin tikilməsinə ehtiyac olduğunu bildirib. Səfir isə öz növbəsində yaxşı layihə təqdim olunarsa onu maliyyələşdirməyə imkanları olduğunu söyləyib.
Görüş Tovuzun sərhəd kəndi Əlibəyliyə səfərlə davam edib. Əlibəyli tibb məntəqəsinin olmadığı barədə məlumat alan səfir Masamitsu Oki deyib ki, yaxşı layihə təqdim ediləcəyi təqdirdə burada da həkim məntəqəsinin tikilməsi üçün maliyyə dəstəyi veriləcək.
Yaponiyalı səfir Masamitsu Okinin Tovuza səfəri Göytəpə kəndinə gedişlə yekunlaşıb. Burada diplomat arxeoloji qazıntılar zamanı tapılmış qədim yaşayış məskəni barədə ətraflı məlumat alıb.
![]() |
![]() |
![]() |
Modern.az