YAP Nəsimi rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının rayon (şəhər) təşkilat sədrlərinin toplantısı keçirilib. Modern.az partiyanın mətbuat xidmətinə istinadən bildirir ki, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının əhəmiyyətli dayaqlarından birinin məhz qadınların olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, hazırda partiya üzvlərinin yarısına qədərini qadınlar təşkil edir.
«Bu amil YAP-ın qadınlarının ictimai-siyasi fəallığına münasibətini ifadə edir, digər tərəfdən isə Azərbaycan qadınlarının arasında partiyamızın nə qədər böyük nüfuz sahibi olduğunu sübuta yetirir. Məmnunluq hissi ilə demək lazımdır ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycan cəmiyyətinin bütün təbəqələri, o cümlədən qadınlar tərəfindən də birmənalı şəkildə müdaifə olunur» - deyə YAP sədrinin müavini vurğulayıb.
Qarşıdan gələn parlament seçkilərində Qadınlar Şurasının rayon (şəhər) təşkilatlarının üzərinə ciddi vəzifələr düşdüyünü qeyd edən YAP sədrinin müavini Əli Əhmədov seçki kampaniyasının aparılması ilə bağlı Qadınlar Şuralarının rəhbərlərinə tövsiyələrini verib.
Toplantıda YAP Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova, YAP Şəki şəhər təşkilatının Qadınlar Şurasının sədri Zərinə Cavadova çıxış ediblər.
Tədbirə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da qatılıb.
Modern.az