Modern.az

Müəllimlərin işə götürülməsi üçün ərizə qəbulu dayandırılıb

Müəllimlərin işə götürülməsi üçün ərizə qəbulu dayandırılıb

30 Avqust 2010, 11:11


2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı elektron ərizə qəbulu dayandırılıb. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Nazirlikdən bildirilib ki, ərizəsi qeydiyyatdan keçən namizədlər ərizələrinin təsdiqlənməsi, ləğv olunması, imtahanın vaxtı, yeri və s. informasiyaları öz “Şəxsi kabinet”lərindən ala bilərlər.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqə 2 mərhələdə keçirilir.

I mərhələdə vakant yerlərə ərizə vermiş namizədlərin göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndiriləcək. Müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçiriləcək.

Fiziki tərbiyə, gənclərin çağırışaqədər hazırlığı, əmək hazırlığı, rəsmxət, təsviri incəsənət, musiqi və nəğmə fənlərindən vakant yerlərə işə qəbul nazirliyin müsabiqə komissiyası tərəfindən müsahibə formasında aparılacaq, müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirmə olacaq və nəticələr kompüter proqramına daxil ediləcək.

Digər fənlərdən (dil və ədəbiyyat, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix, coğrafiya, xarici dil), həmçinin ibtidai sinif müəllimi ixtisası üzrə vakant yerlərə müsabiqə test imtahanı yolu ilə aparılacaq. İmtahanda hər namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 test tapşırığı veriləcək. Bu sualların cavablandırılmasına 40 dəqiqə vaxt ayrılacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Qiymətləndirmənin I və II mərhələlərinin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi kompüter proqramı vasitəsilə həyata keçiriləcək. Yekun qiymətləndirmədən sonra vakant yerlərə yerləşdirmə kompüter proqramı vasitəsilə ən yüksək bal toplamış namizəddən başlamaqla həyata keçirilir. Hər hansı ixtisas üzrə bir vakant yerə 2 və daha artıq sayda eyni bal toplamış namizədlər olduqda müsabiqə komissiyası bütün halları araşdırmaqla və onlarla aparılan müsahibənin nəticələrinə uyğun qərar qəbul edəcək.

Siyahı və şəxsi işlər rəsmi məktubla aidiyyəti üzrə yerli təhsili idarəetmə orqanlarına göndəriləcək.

Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqələr tam başa çatdıqdan sonrakı bir həftə ərzində baxılacaq.

Bakı şəhərinin ümumtəhsil məktəblərində olan vakant yerlərə namizədlərin sənədlərinin qəbulu zamanı onların Bakı şəhərinə qeydiyyatının və ali pedaqoji təhsilinin olması nəzərə alınır.


Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI