Təhsil Nazirliyinin sentyabrın 1-dən Azərbaycan Beynəlxalq Universitetinin (ABU) lisenziyasını ləğv etməsi universitetdə təhsil alan tələbələr və onların valideynlərinin narazılığı ilə qarşılanıb. Bu gün onlar universitetin qarşısında etiraz aksiyası keçiriblər.
ANS-in məlumatına görə, təxminən 60-a yaxın şikayətçi ABU-nun qarşısına toplaşaraq universitetin bağlanmasına etiraz edib.
Aksiya iştirakçılarından bəziləri deyiblər ki, onlar bu universiteti ötən illərdə bitirsələr də, hələ də diplomlarını ala bilmirlər. Buna görə onlardan 3000 manat da alıblar.
Universitetin bağlanmasından ən çox isə burada təhsil alan tələbələr narahatdır. “Mən III kurs tələbəsiyəm. Bilmirəm aqibətim necə olacaq? ABU-ya test üsulu ilə daxil olsam da, hələlik mənə dəqiq məlumat verən yoxdur”, deyə beynəlxalq iqtisadi münasibətlər fakultəsinin tələbələri deyiblər.
Universitetin həmkarlar təşkilatının sədri Rabil Amanov deyib ki, Təhsil Nazirliyi nə deyirsə, ona razı olacaqlar, kimlərin sənədləri qanunidir, hamı diplom alıb. "Hazırda təhsil alan tələbələr də digər özəl universitetlərə köçürüləcəklər".