Onların imza vərəqələri götürdüyü rəsmən təsdiqləndi
Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyinə daxil olan şəxslər qarşıdakı parlament seçkilərində hər dairədən yalnız bir partiya üzvünün dəstəklənəcəyini bəyan ediblər. Xeyli vaxtdır hamı YAP-ın namizədlər siyahısının açıqlanacağını gözləyir, hakim partiya isə adları elan etməyə tələsmir.
Buna baxmayaraq YAP üzvü olan bir çox şəxslər partiyanın qərarı olmadan seçki marafonuna qatılmaq arzusundadı. Onlardan bəziləri partiyanın qərarı olmadan namizədliklərini irəli sürməyə ehtiyat etsələr də, hövsələsizlik edənlər də var. Deyəsən YAP-ın siyahı ilə bağlı gözləmə mövqeyi hakim partiya üzvləri arasında birmənalı qarşılanmayıb.
Seçkilərə start verildiyi bu bir həftə müddətində artıq müxtəlif dairələr üzrə bir sıra YAP-çılar müstəqil şəkildə namizədliklərini irəli sürür və DSK-lardan imza vərəqələri götürməyə başlayıblar. Modern.az-a “Seçkilər” İnformasiya Mərkəzindən verilən məlumata görə, bu günə qədər artıq 5 nəfər YAP üzvü müstəqil şəkildə seçkilərə qatılmaq üçün imza vərəqələrini götürüblər.
Modern.az bununla bağlı araşdırma aparıb. Bəlli olub ki, bir sıra DSK-lar YAP üzvlərinin sənədlərini qeydə alıblar.
Məsələn, 8 saylı Binəqədi birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü Təranə Məmmədova namizəd olmaq üçün imza vərəqələri götürüb.
62 saylı Saatlı seçki dairəsindən YAP üzvü Minayə Əliyeva da namizədliyi üçün imza vərəqələri alıb. Qeyd edək ki, Minayə Əliyeva 1995-ci ildə Milli Məclisə keçirilmiş seçkilərdə iştirak edib və deputat mandatı qazanıb. Uzun fasilədən sonra Minayə xanım yenidən DSK-nın qapısını döyüb.
Digər müstəqil YAP-çı namizəd Tərtərdə qeydə alınıb. 95 saylı Tərtər seçki dairəsindən YAP üzvü, “Azərittifaq”da İstehsal-Kommersiya Departamentinin rəisi olan Elçin Mahmudov imza vərəqəsi götürüb.
Həmin dairədən digər bir YAP-çı, Qafar Məmmədov da imza vərəqələri alıb.
Qeyd edək ki, bu günlərdə YAP icra katibinin müavini Mübariz Qurbanlı Modern.az-a müsahibəsində YAP-çıların eyni dairədə namizəd olmaq istəyinə qarşı çıxıb və bu addımı kəskin tənqid edib. YAP rəsmisi bildirmişdi ki, siyasi partiya seçki prosesində bir dairəyə bir namizəd irəli sürə bilər. “Bu məsələlər partiyanın daxilində seçkiyə qədər həll olunur. Bizim rayon-şəhər təşkilatlarında keçirdiyimiz müşavirələr, müzakirələr, bunlar hamısı bəlkə də namizədlərin müəyyənləşməsinə xidmət edir, edib. YAP-ın ilk təşkilat sədrləri ilə keçirdiyi müşavirələr hamısı bunları özündə ehtiva edib. Odur ki, bu dəfə də biz hər bir dairədə yalnız bir namizədlə çıxış edəcəyik və onun qalib gəlməsinə çalışacağıq”-deyə M. Qurbanlı deyib. YAP üzvlərinin hazırda müstəqil olaraq namizəd kimi ortaya çıxması partiya rəbərliyində yəqin ki, bir sıra suallar yaradır.
Xaqani Səfəroğlu