Modern.az

Azərbaycanda 389 min yeni seçici ortaya çıxıb

Azərbaycanda 389 min yeni seçici ortaya çıxıb

Ölkə

17 Sentyabr 2010, 14:37

Ölkə seçiciləri arasında yaş həddinə görə gənclər liderdi


Azərbaycanda keçirilən seçkilərdə hamının ən çox sevdiyi ifadə “sosial baza” olur. Bütün siyasi qüvvələr seçicilərinə üz tutaraq onlara vədlər verir, onlardan səs almaq üçün bütün səylərini ortaya qoyurlar.  Amma siyasi qüvvələrin əlində seçicilərin “sosial xəritəsi” yoxdur. Siyasilər müsahibələrində bunu etiraf edir və səs almaq üçün müraciət etdikləri vətəndaşların yaşı, imkanları barədə az məlumatlıdırlar.

Bəs bu “sosial baza”ya daxil olan seçicilərin yaşı nə qədərdir?
2005-ci ildən bu yana seçicilərin sayı nə qədər artıb? Modern.az bununla bağlı araşdırma aparıb.

“Seçkilər” İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov saytımıza açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib.

Bəlli olub ki, Azərbaycanda 2010-cu ildə keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində ölkə üzrə seçicilərin sayı 4 milyon 841 min 631 nəfərdir. 2005-ci ildə isə ölkədə seçicilərin ümumi sayı 4 milyon 545 min 141 nəfər olub. Son beş illə müqayisədə ötən parlament seçkilərindən bu yana Azərbaycanda seçicilrin sayı 389 min 320 nəfər artıb. Amma bu artım əhali artımı kimi qiymətləndirilməməlidir.

Bundan başqa, Milli Məclisin gəncləşməsi ideyasını ortaya atanlar deyəsən haqlıdırlar. Bunu rəsmi məlumatlar da təsdiq edir.

Ramil Hüseynovun verdiyi məlumatlara görə, Azərbaycanda seciçilərin yaş həddinə görə gənclər liderdir. “Seçkilər” İnformasiya Mərkəzinin hesablamalarına görə, ölkədə  18-30 – arası gənclər ümumi səs vermək hüququ olan vətəndaşların 28 faizini təşkil edir. Daha sonra bir qədər “mühafizəkarlar” gəlir. Yəni 41-50 yaş arasında olan seçicilər ikinci yeri tutur.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası hər seçki ilində ölkə üzrə səsvermə hüququ olan vətndaşların sayını açıqlayır. 

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu