Modern.az

Seçkidə “böyük döyüş”ün gedəcəyi dairələr...

Seçkidə “böyük döyüş”ün gedəcəyi dairələr...

22 Sentyabr 2010, 10:57

Siyasi partiyaların cəmləşdiyi bloklar  artıq dairələr üzrə ən uyğun namizədlərini açıqlayıblar. Yeni Azərbaycan partiyası da seçki marafonunda hansı üzvünə dəstək verəcəyini bəyan edib. İndi qalır həmən o “məşhər günü”nə hazırlaşmaq!

Modern.az 7 noyabrda keçiriləcək parlament seçkilərində ən qaynar seçki dairələri olacaq yerləri və orada namizəd olmaq isətəyən şəxsləri araşdırıb. Nəticələr maraqlıdır. 

Qaynar mübarizənin gedəcəyi yerlərdən  biri 8 saylı Binəqədi birinci seçki dairəsi olacaq. Burada Milli Məclisin sədri Oqtay Əsədovla Müsavat başqanın müavini, hazırkı millət vəkili Arzu Səmədbəyli üz-üzə gələcək. Milli Məclisdə ara-sıra replikalarla müşayət edilən bu iki həmkarın “çöldə döyüşü” maraqlı keçəcək.

Ağır mübarizənin getdiyi dairələrdən biri Yasamalda olacaq. 15 saylı Yasamal birinci seçki dairəsindən YAP üzvü, deputat Gülər Əhmədova Müsavat başqanı İsa Qəmbərlə üz-üzə gələcək.  Hələki tərəflər bir-biri barədə susmağa üstünlük verir, “döyüş meydanını” saf-çürük edirlər. Bu dairədə siyasi dairələrdə tanınmış daha bir namizəd Ülvi Həkimovdur. Vaxtilə AXC hakimiyyətində İsa Qəmbərlə bir komandada olan Həkimov indi eks-spikerin rəqibinə çevrilib.

16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyi hakim partiya tərəfindən irəli sürülən  BDU-nun rektoru Abel Məhərrəmov ictimai fikirdə tanınmış hüquqşnas Erkin Qədirli ilə üz-üzə gələcək.  

Liberal Partiyasının lideri Lalə Şövkətin mandatını qoyub getdiyi 17 saylı Yasamal üçüncü  seçki dairəsində “tanınmışların paradı” müşahidə olunur. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, ADP sədrinin müavini Həsrət Rüstəmov, VİP sədri Əli Əliyev, ASDP həmsədri Araz Əlizadə bu dairədə “vuruşacaqlar”. Odur ki, YAP-ın namizəd siyahısında olan gənc Samirə Quliyevanı qaynar və çətin günlər gözləyir.

18 saylı Nərimanov – Nizami seçki dairəsi də “tünlükdü”. Burada tanınmış şəxslərdən Milli Məclisin hazırkı deputatı Cəmil Həsənli, AXCP sədrinin müavini Nurəddin Məmmədli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Ümid partiyasının Ali Məclisinin sədri Ənvər Ağazadə mandat uğrunda çarpışacaqlar. Əlbəttə, YAP-ın namizədi olan “Bakı Əyirici Toxucu” ASC-nin sədri Səkinə Babayeva ilə bir yerdə...

Siyasi bloklar nədənsə YAP icra katibi Əli Əhmədovun dairəsinə qadın namizədləri çıxarıblar. 19 saylı Nərimanov birinci  seçki dairəsinə namizəd kimi gələn Əli Əhmədov deyəsən sürprizlə  qarşılaşıb. Onun dairədə  rəqibləri “AXCP-Müsavat “ blokundan Gözəl Bayramlı, “İslahat”blokundan Asya Əsgərova, “Demokratiya” blokundan Günay Kərimli “qarşılayıb”.

20 saylı Nərimanov ikinci seçki dairəsinə YAP Arzuman  Muradlının namizəd göstərsə də,  deyəsən qızğın mübarizə hazırkı deputat Adil Əliyevlə tanınmış vəkil Aslan İsmayılov arasında gedəcək.   

ADP sədrinin namizəd olduğu 21 saylı Nəsimi birinci seçki dairəsində “sakitlikdir”. Sərdar Cəlaloğlu burada VİP sədrinin müavini Büllür Hümbətovla və YAP –ın namizədi Gülarə Verdiyeva ilə mübarizə aparacaq.

22 saylı Nəsimi ikinci seçki dairəsi isə “qanlı meydan” olacaq. Bu dairədə Pənah Hüseyn, Asim Mollazadə və QHT lideri Mais Güləliyev mandat uğrunda vuruşacaqlar. Əlbəttə YAP siyahısında olan Fədail Rəhimovun iştirakı ilə...

23 saylı Nəsimi – Səbail seçki dairəsi da diqqətdən kənarda qalmayacaq. Burada Milli Məclisin İqtisadi məsələlər komitəsinin sədri deputat Ziyad Səmədzadə, ALP sədri, siyasi çevrlərdə kifayət qədər tanınan Əvəz Temirxan və AXCP sədrinin müavini Razi Nurullayev üz-üzə gələcəklər. YAP-ın ilk dəfə seçkilərə qatılan namizədi Zəfər Qurbanov üçün bu dairədə seçki heç də asan keçməyəcək.

24 saylı Nizami birinci  seçki dairəsindən namizəd olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev postmodernist-mühafizəkar rəqiblərlə qarşılaşıb. Dairədə AXCP sədrinin iqtisadi məsələr üzrə müavini Məhəmməd Talıblı, ADP sədrinin müavini Nurəddin İsmayılov və eks “Dalğa”çı, indi isə DİP-in gənclərinə rəhbər olan Ramin Hacılı marafona qoşulacaqlar.

25 saylı Nizami ikinci seçki dairəsində isə Rauf Arifoğlu və Elxan Şükürlü üz-üzə gələcək. YAP-ın bu dairədən namizədi isə Sədaqət Vəliyeva olacaq.

26 saylı Sabunçu birinci seçki dairəsində deputat Fazil Mustafanın rəqibləri Müsavat başqanın müşaviri Tofiq Yaqublu və YAP-dan Elnarə Tağıyevadı..

28 saylı Sabunçu üçüncü seçki dairəsində tanınmış kinossenarist Eldəniz Quliyev, Vahid Azərbaycan Partiyasının sədri Kərrar Əbilov “Azərittifaq”ın sədri, millət vəkili Eldar Quliyevlə bir dairədə mübarizə aparacaqlar. Bu dairədən namizəd olan YAP-çı Hüseynqulu Ələsgərovun debütünü isə gözləmək qalır.

Şəhərin mərkəzində, 29 saylı Səbail seçki dairəsində AXCP sədrinin müavini, bu rayonun keçmiş icra başçısı Həsən Kərimov özünün “əbədi rəqibi” deputat Fuad Muradovla üz-üzə gələcək. YAP-ın bu dairədən irəli sürdüyü Rəşid Hüseynovun kampaniyası da burada mübarizəni şərtləndirən amil olacaq.

31 saylı Suraxanı ikincici seçki dairəsində AXCP sədri Əli Kərimli “Odlar Yurdu” Unversitetinin rektoru, millət vəkili Əhməd  Vəliyevlə mübarizə aparacaq.

33 saylı Xətai birinci seçki dairəsi siyasi simalarla zəngindir. Bu dairədə hazırkı deputat. YAP Xətai təşkilatının rəhbəri Hüseynbala Mirələmov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı,  Xətai rayonunun keçmiş icra başçısı Zəlimxan Məmmədli və tanınmış vəkil  Namizəd Səfərovla mübarizə aparacaq.  

“Qonşu” 34 saylı Xətai ikinci seçki dairəsi də qaynar keçəcək, Burada Müsavatdan olan deputat Nəsib Nəsibli,  YAP-ın tanınmış simalarından olan professor Əli Əlirzayev və Azər Həsrət mübarizəyə qoşulacaq. YAP-ın siyahısında olan Nərminə Hacıyevanı da bura əlavə etsək mənzərə bəlli olar,

35 saylı Xətai üçüncü seçki dairəsində də ciddi “dava” gözlənilir. Burada Ümid Partiyasının sədri, milət vəkili İqbal Ağazadə, ehtiyatda olan polkovnik, hərbi dənizçi Canmirzə Mirzəyev və Aqil Səmədbəyli yarışacaq.

42 saylı Sumqayıt ikinci  seçki dairəsində KXCP sədri Mirmahmud Fəttayev,  Milli Dövlətçilik Partiyasının sədri Sabir Tanrıverdiyevlə rəqib olub. Bundan başqa onları YAP –ın namizədi Rafiq Dəmirov təqib edir.

Akademik Cəlal Əliyev marafonun ən yaşlı namizədidir və 62 saylı Saatlı seçki dairəsində onu hüquqşünas Ənnağı Hacıbəyli və keçmiş deputat Minayə Əliyeva gözləyir.  

72 saylı Yardımlı – Masallı seçki dairəsi iki tanınmış həmyerlini- jurnalist Elşad Paşasoyu və şair Sabir Rüstəmxanlını üz-üzə gətirib. Düzdü, burada YAP-ın namizədi olan Sərvət Əliyev də olacaq.

95 saylı Tərtər seçki dairəsində isə iki köhnə partiayadaş üz-üzə gəlib. İndi fərqli cəbhələrdə olan Müsavat başqanının müavini Qabil Hüseynli və deputat Aynur Quliyeva mandat uğrunda “vuruşacaqlar”. YAP-ın namizədi olan Əhməd Əhmədov da kampaniayda boş oturmayacaq yəqin....

113 saylı Şəki şəhər seçki dairəsində maraqlı mənzərə yaranıb. Bu qədim torpağın üç tanınmış övladı üz-üzə gəlib. Akademik Yaqub Mahmudov, professor Əli Məsimli və siyasətçi Sahib Kərimov mandat uğrunda mübarizə aparacaqlar..

Əlbəttə, əgər MSK onların namizədliyini təsdiq etsə.......

Xaqani Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu