Ana Vətən Partiyası (AVP) parlament seçkilərində iştirak edəcək namizədlərini artıq dəqiqləşdirib. Partiyanın Ali Məclisinin qərarına görə, AVP- ni bu dəfəki seçkilərdə 18 namizəd təmsil edəcək. Namizədliyi irəli sürülənlər arasında partiyanın sədr Fəzail Ağamalı və sədr müavini Zahid Oruc da var. F.Ağamalı növbəti dəfə 60 saylı Neftçala-Salyan, Z.Oruc ilə əvvəllər olduğu kimi, yenə 93 saylı Bərdə Seçki Dairəsindən seçkilərə qatılacaq.
Bu haqda Modern.az-a AVP sədri, milət vəkili F.Ağamalı özü məlumat verib. F.Ağamalının bildirdiyinə görə, AVP-dən konkret deputatlığa namizəd olacaq insanların dəqiq sayı isə, imzatoplama və qeydə alınma mərhələsindən sonra bəlli olacaq. Bununla belə, F.Ağamalı onun və Z.Orucun növbəti dəfə parlamentə düşmə şanslarının daha çox olduğunu bildirib.
AVP sədri müttəfiq partiya hesab etdikləri hakim Yeni Azərbaycan Partiyasının namizədlər (YAP) siyahısı ətrafında gedən çeşidli müzakirələrə, yazılara, istehzalı münasibətlərə necə yanaşır?
F.Ağamalı deyib ki, müxalif dairələr tərəfindən hakim partiyanın namizədlər siyahısına sərgilənən istehzalı yanaşmaların heç bir əsası yoxdur.
”YAP-ın siyahısında Azərbaycan cəmiyyətində tanınan siyasətçilər var. Bununla belə, yeni simaların təqdim edilməsi, bu da hakim partiyanın böyük potensiala malik olmasının göstəricisidir. Baxın, özünü ən güclü hesab edən, «AXCP- Müsavat» blokunda məgər tanınmışların sayı ondan yuxarıdır? Mən deyərdim ki, yox! Ondan yuxarı deyil. Kimdir, onlar? Rayon təşkilatlarının ya sədrləri, ya funksionerləri, ya da sıravi üzvləri və sair. Şəxsən namizədliyimi irəli sürdüyüm dairədən «AXCP-Müsavat»ın təqdim etmiş olduğu namizəd, ümumiyyətlə, heç öz regionunda geniş şəkildə tanınmır. Bu cür misalları kifayət qədər artırmaq mümkündür. Ona görə hər halda YAP konkret olaraq 11 dairədən özünün namizədini irəli sürmədi. Ancaq 114 dairədən özünün namizədini irəli sürdü. Gəlin görək, başqa partiyalarda bu cür potensial varmı? Yoxdur. Odur ki, YAP-ın siyahısına bu cür münasibəti tamamilə anormal hesab edirəm və düşünürəm ki, məhz siyasi proseslərə yeni nəfəsin gəlməsi çox normal bir hal kimi rəğbətlə qarşılanmalı, alqışlanmalıdır».
«Bu siyahının əsl siyahı olmadığı, əsl siyahıda daha çox oliqarx-məmurların görmək istədikləri şəxslərin adlarının olduğu bildirilir. Bu haqda nə deyrədiniz» sualına cavabında isə F.Ağamalı bildirib ki, bu yöndə də səslənən fikirlər ciddi sayıla bilməz.
Modern.az