Keçmiş seçkilərin qalmaqallı rəqibləri deputat Adil Əliyevlə vəkil Aslan İsmayılov da üz-üzə gələcək
Mərkəzi Seçki Komissiyasının (MSK) İctimai Televiziya (İTV) ilə apardığı danışıqlar nəticəsində deputatlığa namizədlərə pulsuz efir vaxtı verilir. Təşviqatın aparılacağı 23 gün ərzində İTV-nin efirində hər gün axşam saat 21.00-dan 23.00-dək namizədlərin çıxışı üçün vaxt ayrılıb. Hər bir namizədə çıxış üçün cəmi 4 dəqiqə vaxt müəyyən edilib.
Namizəd həmin dörd dəqiqəni istifadə etməkdə sərbəstdir. MSK-nın bununla bağlı qərarında göstərilib ki, ilk olaraq mübahisəli olmayan dairələrdən namizədlərə efir vaxtı verilsin.
Eyni zamanda dairə seçki komissiyalarında (DSK) qeydə alınmayan, lakin sonradan MSK və ya məhkəmə tərəfindən qeydə alınan namizədlərə də 4 dəqiqə pulsuz efir vaxtı verilməsi razılaşdırılıb.
5 nəfərdən ibarət yaradılmış komissiya hansı dairənin namizədlərinin hansı gün televiziyada çıxış edəcəyini planlaşdırır.
Bu gün-16 oktyabrda İTV-nin efirində 20 saylı Nərimanov II, 56 saylı Xaçmaz kənd, 59 saylı Salyan, 62 saylı Saatlı, 118 saylı Ağdam şəhər dairələrindən qeydə alınmış deputatlığa namizədlər çıxış edəcəklər.
Modern.az oktyabrın 16-da İTV-nin efirinə çıxacaq namizədlərin adlarını sizə təqdim edir:
20 saylı Nərimanov II seçki dairəsi üzrə VHP-dən Zeynəb Abbasova, Müsavat partiyasından Qubad İbadoğlu, Milli Məclisin üzvü Adil Əliyev, tanınmış vəkil Aslan İsmayılov, partiyalılığı göstərilməyən İradə Qarayeva, bitərəf Əlibaba Məhərrəmzadə, YAP üzvü Arzuman Muradlı, KXCP-dən Xəzər Teyyublu şıxış edəcək.
56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə isə bitərəf Ehtiram Çələbiyev, YAP –ın vahid namizədi İlham Əliyev, “AXCP-Müsavat” blokunun namizədi Ramazan Əliyev, AMİP-dən Xoşbəxt İsgəndərov, “Qarabağ” blokundan Araz Quliyev, “İnsan Naminə” blokunun nümayəndəsi Məzahir Məmmədrəsulov da bu axşam çıxış edənlər arasında olacaq.
59 saylı Salyan seçki dairəsindən isə “AXCP-Müsavat”dan Valeh Əliyev, KXCP-dən Vaqif Hacıyev, Salyan rayon İcra Hakimiyyətinin artıq namizəd olan başçısı Əliağa Hüseynov, bitərəf Nuralı Quliyev, “Demokratiya” blokundan Rafiq Manaflı, bitərəf Vasif Movsumov çıxış edəcək.
62 saylı Saatlı seçki dairəsi üzrə Ana Vətən Partiyasından Malik Cavadov, bitərəf Bəybala Əkbərov, YAP-ın namizədi Cəlal Əliyev, YAP üzvü Minayə Əliyeva, Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovu da bu gün İTV-nin efirində görə biləcəyik.
118 saylı Ağdam şəhər dairəsindən Milli Məclisin üzvü Bəxtiyar Əliyev, YAP-ın namizədi Anar Əmirov, bitərəf Şükür Həsənov, Ana Vətən Partiyasından Afiq Hüseynov, Kommunist Partiyasından Amil Quliyev də bu axşam çıxış etməlidir.
Hələlik MSK bunları müəyyən edib. Sonrakı günlərdə çıxış edəcək dairələr müəyyən olunduqca mətbuata açıqlama veriləcək.
Modern.az