Modern.az

İlham Əliyev “...Mən göstəriş verdim, şəxsən!...Sökülsün..., dağıdılsın!”

İlham Əliyev “...Mən göstəriş verdim, şəxsən!...Sökülsün..., dağıdılsın!”

Ölkə

16 Oktyabr 2010, 14:51

Prezident sovet tarixşunaslığının ən mübahisəli məsələsini necə həll etdiyini deyib

“Azərbaycanda bu günkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək – bax, bütün bunların təməli məktəblərdə qoyulur. Ona görə təhsilə diqqət ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz”.
Modern.az AzərTAc-a istinadən bildirir ki, bu sözləri prezident İlham Əliyev Yevlax şəhərində orta məktəbin açlışı zamanı etdiyi çıxışında bildirib.  

İlham Əliyev: “...Ali təhsil haqqında diplomun olması heç nəyi göstərmir”

Prezident qeyd edib ki, həm infrastruktur, həm təhsilin səviyyəsi – bax, bu iki vacib amil Azərbaycanda yüksək səviyyədə olmalıdır. “Gözəl məktəb tikmək olar. Ancaq bu məktəbdə gərək təhsilin səviyyəsi yüksək olsun. Burada oxuyan uşaqlar anlamalıdırlar ki, həyatda layiqli yer tutmaq üçün mütləq bilikli olmalıdırlar”.

İ.Əliyev vurğulayıb ki, əvvəlki dövrlərdə bəzən gənclərin bir hissəsi daha çox diplom əldə etmək üçün çalışııb. Çünki diplom o vaxt bütün qapıları açırdı. Sovet İttifaqı zamanında hər bir insan işlə təmin olunurdu.
“Ancaq biz indi bazar iqtisadiyyatı, açıq rəqabət şəraitində yaşayırıq. Ona görə diplomun olması heç nəyi göstərmir, bilik, peşəkarlıq olmalıdır. Ona görə məktəb tikintisi, peşə məktəblərinin, uşaq bağçalarının yaradılması - bütün bunlar təhsil sistemimizi gücləndirir”.  

Prezident  həmçinin vətənpərvərlik tərbiyəsi ilə bağlı bu məsələlərə Azərbaycanda çox böyük diqqət göstəridiyini deyib.
 “Ancaq bu hissləri, bu vətənpərvərlik duyğularını uşaqlara gündəlik olaraq müəllimlər aşılayırlar. Ona görə müəllimlərdən çox şey asılıdır”.

“Ölkəni inkişaf etdirən insanlardır. Yəni bilikdir, fikirdir, iradədir, qabiliyyətdir. Mən çox istəyirəm vətəndaşlarımız bilikli, savadlı, yaxşı vətəndaş, vətənpərvər olsunlar, Vətəni sevsinlər. Bunu etmək üçün biz güclü dövlət qurmalıyıq. Uşaqlarımız tariximizi yaxşı bilməlidirlər. Çünki sovet dövründə uzun illər biz tarixin bir hissəsini bilirdik, amma digər hissəsini bilmirdik. Bəzi hallarda bizə qəhrəman kimi təqdim olunan insanlar, əslində, Azərbaycan xalqına qarşı cinayətlər törətmişlər. Bu tarixi biz yaxşı bilirik. Biz real tarixi sonradan öyrənməyə, dərk etməyə başladıq”-deyə prezident vurğulayıb..

İlham Əliyev : “26-lar” abidəsinin dağıdılmasına mən göstəriş verdim”

İlham Əliyev sovet tarixşunaslığının ən mübahisəli məsələsi olan “26 Bakı Komissarı” mifinə münasibətini açıqlayıb. Prezident bildirib ki, Azərbaycan xalqının qanını axıdan Şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu.

“Məni bir Prezident və vətəndaş kimi ən çox hiddətləndirən o deyil ki, misal üçün biz bilmirdik 1918-ci ildə nələr baş verirdi, 26 komissar qəhrəman kimi təqdim olunurdu, əslində isə, onlar azərbaycanlılara qarşı amansız qəddarlıq törətmişdilər. Yəni, məsələ onda deyil ki, biz bunları bilmirdik, indi bilirik. Məsələ ondadır ki, biz onların qəhrəman olduqlarına inanırdıq. Yəni belə tərbiyə almışdıq. Azərbaycan xalqının qanını axıdan şaumyanlar və onun kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu. Onların şərəfinə abidələr ucaldılırdı. Siz bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı komissarının şərəfinə abidə ucaldılmışdı. Mən göstəriş verdim ki, o abidə sökülsün, dağıdılsın. Mən göstəriş verdim, şəxsən! Ancaq necə?! Göstəriş verdim ki, Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin nümayəndələri, din xadimləri orada basdırılmış cəsədlərin başqa yerə köçürülməsi ilə bağlı tədbirlər görsünlər. Halbuki vaxtilə orada basdırılmış adamlar azərbaycanlılara qarşı qəddarlıq törətmişdilər. Biz yenə Azərbaycan xalqına xas olan dözümlülük, mədəniyyət, tolerantlıq nümayiş etdirdik və orada basdırılmış cəsədləri başqa yerə hörmətlə köçürdük. Ancaq o tarix daha Azərbaycanda olmamalıdır. Uşaqlarımız sual verməməlidir ki, bu kimdir? Nə üçün bunun abidəsi burada ucaldılıb? Bu, Azərbaycan xalqı üçün nə edib? Yəni, məni, necə deyərlər, ən çox darıxdıran məhz odur ki, vaxtilə biz bilməmişik ki, nə olub, sonradan bilmişik.

Bizim uşaqlar xoşbəxtdirlər. Onlar müstəqil ölkədə yaşayırlar. Bu gün taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir və uşaqlarımız tariximizi, keçmişimizi, bugünkü reallıqları yaxşı bilməlidirlər. Mən o görüşdə söyləmişdim ki, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmayacaq. Mən dəfələrlə söyləmişdim ki, bugünkü Ermənistan – xəritədə Ermənistan Respublikası adlandırılan ərazi əzəli Azərbaycan torpağıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır! Orada azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənilər müəyyən bölgələrdə olublar. Amma onlar XIX əsrdə kütləvi şəkildə köçürülmüşlər. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın Ermənistanın paytaxtı elan olunması Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə baş verib?! Əgər o bölgələr dırnaqarası “Böyük Ermənistan”a aid idisə, onda nə üçün bizdən icazə alırdılar?!”.

İlham Əliyev həmçinin bildirib ki, ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.
“Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni dilində “Qarabağ” sözü var? Yoxdur! Qarabağın Xankəndi şəhərinə Stepanakert adını o vaxt Sovet İttifaqı verib. Nədir Stepanakert?! Bu ad Stepan Şaumyanın adından götürülüb. Əgər bu şəhərin ermənilərlə bağlı tarixi bir keçmişi olsaydı, o adı qoyardılar?! Onun tarixi adı Xankəndidir. Budur reallıq. Yəni bizim uşaqlar bütün bunları bilməlidirlər ki, bugünkü Ermənistan əzəli Azərbaycan torpaqlarında yerləşir. Bu az imiş, hələ istəyirlər bizim ərazimizdə ikinci dövləti yaratsınlar. Tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaratmaq istəyirlər. Heç vaxt buna razılıq verə bilmərik və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. İstənilən yolla! Mən buna şübhə etmirəm!”-deyə porezident vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu