Modern.az

Metropolitenin yeni qaydaları sərnişinlərin sayını azalda bilər

Metropolitenin yeni qaydaları sərnişinlərin sayını azalda bilər

Ölkə

21 Oktyabr 2010, 15:19

Nazirlər Kabineti (NK) “Bakı Metropolitenindən istifadə qaydaları”nın təsdiq edilməsi barədə qərar imzalayıb. Bu qaydalar sərnişinlərin uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəmələrini nəzərdə tutur.  Bildirilir ki, əl yükü elə bükülməli, bağlanmalı və bərkidilməlidir ki, sərnişinlərə xəsarət yetirməsin. Daşınmasına icazə verilən əl yükünün sayının  ikidən çox olmaması da tələb kimi irəli sürülüb. Qeyd olunub ki,  ödənişsiz keçid hüququnu verən sənəd gediş haqqı ödənilməli olan əl yükünün ödənişsiz aparılmasına hüquq vermir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki,  NK-nın təsdiqlədiyi  yeni qaydalar arasında sosial baxımdan arzuolunmayanlar var. İqtisadçıya görə, yeni təsdiqlənən yüklərin sayına limitlər dünyada tətbiq edilən praktika hesab olunmur: “Düzdür, 7 yaşına qədər uşaqların gedişhaqqı ödəməkdən azad edilməsi, uşaq arabacıqlarının, aparılmasına icazə verilən ölçülərdə və çexolda olmaq şərtilə xizəklərin, kirşələrin, uşaq velosipedlərinin, balıqçı tilovlarının, musiqi alətlərinin, kiçik bağ avadanlıqlarının aparılmasına görə gediş haqqı ödəmədən icazə verilməsi müsbət haldır. Tətbiq edilən qaydalarda diqqəti çəkən məqamlardan biri vətəndaşların əl yükünün sayının  ikidən çox olmaması ilə bağlı  tələbidir. Dünyada belə bir praktika metropolitenlərdə deyil, yalnız təyarələrdə tətbiq edilir”.

V.Bayramov bildirir ki, təhlükəsizlik və ağırlıq baxımından təyarələrdə anoloji tədbirlərin həyata keçirilməsini başa düşmək olur: “Amma metropolitendə əl yüklərinə limitlərin müəyyən edilməsi arzuolunan deyil. Metropolitendən isitifadə edən  vətəndaşların  aztəminatlı təbəqə və ya tələbələr  olduğunu nəzərə alsaq,  yükə görə onların ödənişlər etmələri  sosial baxımdan arzuolunan deyil. Bu gün MDB ölkələrinin metropolitenlərində əl yüklərinə limitlər müəyyən  edilməyib”. Ekspert güman etmir ki, əl yüklərinə limitlərin müəyyən olunması  metropolitenin büdcəsinə  ciddi  vəsaitlərin daxil olmasına imkan verəcək: “Bu  müəyyən bürokratik əngəllərə, növbələrə, vətəndaşların metrodan istifadə etməməsinə gətirib çıxara bilər”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu