120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, hazırki deputat Astan Şahverdiyev seçicilərlə görüşlərini davam etdirir.
Modern.az saytının məlumatına görə, A.Şahverdiyev növbəti görüşünü Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsindəki “Spartak” düşərgəsində məskunlaşmış Cəbrayıl rayonundan olan seçicilərlə keçirib.
Görüşdə iştirak edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev hakim partiyanın hər zaman dövlətçiliyin keşiyində dayanan bir siyasi təşkilat olduğunu söyləyib və seçiciləri 1 noyabr seçkiilərində fəal olmağa və Astan Şahverdiyevi dəstəkləməyə çağırıb.
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədi Astan Şahverdiyev seçicilərə son 5 ildə deputat kimi gördüyü işlərdən danışaraq, qarşıda duran məslələr barədə məlumat verib.
Deputatlığa namizəd deyib ki, Azərbaycan hökuməti məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirləri davam etdirəcək: “Milli Məclisdə qaçqın və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb, qanun layihələri işlənib. Hörmətli seçicilərimiz YAP-ın namizədlərini dəstəkləyəcəyi təqdirdə bu işlər davam etdiriləcək”.
Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət göstərildiyini qeyd edən namizədin sözlərinə görə, seçicilər YAP-ın namizədlərini dəstəkləməklə, eyni zamanda mütərəqqi təhsil qanunlarının işlənib hazırlanmasına kömək etmiş olacaqlar.
Seçicilərdən Nazim Verdiyev və digərləri çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini bildirib.
Astan Şahverdiyev Abşeron rayonunun “Mexkolon” və Mehdiabad qəsəbələrində yaşayan cəbrayıllı seçicilərlə görüşüb, onların problemləri, yaşayış çəraitlərilə maraqlanıb.
Binəqədi rayonunda və Sulutəpə qəsəbəsində keçirilən görüşlərdə Cəbrayıl rayonundan olan seçicilər qarşısında çıxış edən Astan Şahverdiyev bildirib ki, Azərbaycanın iqtisadi, siyasi qüdrəti yüksəldikcə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan siyasətin də uğurları aydın şəkildə müşahidə olunur: “Mən inanıram ki, bütün seçicilər kimi Cəbrayıl rayonundan da olan seçicilər öz xoş gələcəklərinə, rahat yaşayışlarına, ən əsası stabilliyə, inkişafa –Yeni Azərbaycan Partiyasına səs verəcəklər”.