Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə nazir Elmar Məmmədyarov Azərbaycan və İran arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişafından məmnunluq ifadə edərək, iki ölkə arasında tarixi, mədəni və dini bağlantıların olduğunu qeyd edib.
Vali İsmayıl Cabbarzadə Azərbaycanda səfərdə olmasından məmnun olduğunu, dövlətlərimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafeyinə uyğun olduğunu bildirib. O, rəhbərlik etdiyi Şərqi Azərbaycan vilayəti haqqında ətraflı məlumat verib və turizm, səhiyyə, elm, mədəniyyət və tibb ixtisası üzrə tələbə mübadiləsi kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.
İkitərəfli iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün hökumətlərarası birgə əməkdaşlıq komissiyası və onun çərçivəsində müştərək biznes forumlarının təşkil edilməsinin əhəmiyyəti qeyd edilib.
Modern.az