Modern.az

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sərnişinlərin narazılığını haqlı hesab etmir

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sərnişinlərin narazılığını haqlı hesab etmir

21 Oktyabr 2015, 10:55


Bakı şəhərində avtobus marşrutlarının xətlərinin tez-tez dəyişdirilməsi paytaxt sakinlərinin narazılığına səbəb olur. Bəzi ekspertlər iddia edirlər ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılmadığı üçün bu vasitə ilə insanların mənzil başına çatması üçün daha çox marşrutdan istifadəsi hesabına gündəlik nəqliyyat xərci də artır.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Modern.az-a bildirib ki, sərnişinlərin bu iddia əsassızdır.

Onun sözlərinə görə, Avropa Oyunları zamanı şəhərkənarı qəsəbələrdən, kəndlərdən gələn avtobusların birbaşa mərkəzə girməsi sıxlıq yaratdığı üçün ləğv olunub: “Şəhər ətrafındakı kəndlər, qəsəbələr və ya şəhərin bir az kənar hissələrindən marşrutların mərkəzə gəlməsi tıxacların yaranması, insanların saatlarla tıxaclarda qalmasına səbəb olurdu. Bəzi marşrutlar müəyyən ərazilərə qədər gəlib və oradan geri dönüş edir.

Oradan ikinci marşruta minib mərkəzə gəlmək mümkündür. Bir marşrutun bütün şəhəri fırlanaraq mərkəzdən keçməsi şəhər nəqliyyatında, xüsusilə mərkəzi hissəsində kifayət qədər tıxac yaradır. Nəzərə alsaq ki, vaxt özü də puldur və saatlarla tıxacda oturmaq probleminin qarşısını almaq üçün optimallaşdırma aparılıb”.  

Şəfa Mehmanqızı insanların bu cür davranışlarının əslində heç də yad olmadığını bildirib:

“Hamı istəyir ki, Hövsandan avtobusa minib Kukla Teatrının qarşısında düşsün. Bu nə dərəcədə doğrudur? Dünyanın heç yerində belə şey yoxdur ki, sən Türkan qəsəbəsində avtobusa minib “28 may” metrosunun yanında düşəsən.

Bu, mümkün deyil. Hamı istəyir  ki, evinin qarşısından avtobusa minib gedib Əhmədlidə, yaxud Əhmədlidən minib Badamdarda düşsün. Başa düşürük ki, hamı 20 qəpik verib şəhərin bu başından o biri başına getmək istəyir. Bakıda nəqliyyat vasitələrinin sayı kifayət qədər artır. Üstəlik, iri tutumlu avtobusların mərkəzə axışması tıxac yaradır. Optimallaşdırma ilə bağlı bu şəkildə qərar verilib.

Narazılıq istər-istəməz olacaq. Bu müəyyən şəxslərin və ya fərdlərin istəyi ilə bağlı deyil. Ümumi nəqliyyat yükünü nəzərə alaraq həyata keçirilən bir prosesdir”.  

Aytən ZƏHRA  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!