Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra nazirliyin 7 əməkdaşı həbs olunub.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında iqtidar daxilindəki bəzi qüvvələrin çevriliş edərək hakimiyyətə gəlmək istədiklərini deyib.
O, Eldar Mahmudovun nazir postundan azad edilməsi fonunda bu fikri söyləyib.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə Modern.az-a açıqlamasında çevriliş etmək fikrinə düşən adamı ağılsız adlandırıb:
“Çünki Azərbaycan dövlətçiliyi çox möhkəmdir. Prezidentə sadiq olan qüvvələr kifayət qədər çoxdur. Əvvəla, belə bir fikrə düşməyin özü dövlətə xəyanətdir. Ermənistanla ağır müharibə vəziyyətində olan bir ölkədə belə eşqə düşmək dövlətə və xalqa xəyanətdir. Azərbaycanda çevrilişlər, qanunsuz silahlı qruplaşmalar və müxtəlif vasitələrlə hakimiyyətə təzyiq etmək dövrü çoxdan keçib. Hakimiyyət indi oturuşub. Komanda əsasən monolitdir. Burada başqa fikrə düşən adamlar, sadəcə, özünü intihar yolunu tutub”.
Milli təhlükəsizlik nazirinin keçmiş müavini (AXC hakimiyyətində), Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər isə çevriliş cəhdi ilə bağlı əlində konkret fakt olmadığını bildirib:
“Mənim bu barədə heç bir faktım yoxdur. Sadəcə, ümumi nəzəri baxımdan deyirəm. Eyni zamanda, hər bir insanın hərəkəti qanunla müəyyən edilir və qanunla da qiymətləndirilir. Konkret əməlində hansısa cinayət varsa, bu, hüquqi qaydada müəyyən edilir və tədbir görülür.
Əgər bir dövlətin ərazi bütövlüyü bərpa olunmayıbsa, ölkədə maliyyə-iqtisadi gərginliyi yaranıbsa, belə hallar gözləniləndir”.
Namidə BİNGÖL