"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki baş verən sürüşmə və çökmə prosesinin orada yaradılmış süni təpəciklərlə heç bir əlaqəsi yoxdur”.
Bu sözləri Modern.az-a açıqlamasında Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi baş məsləhətçisi Rəvanə Abdullayeva deyib. O qeyd edib ki, istər kompleksə yaxın ərazidə, istərsə də əsas yolda yaranan çatların və çökmə prosesinin süni təpəciklərlə əlaqələndirilməsi yanlışdır.
“Həmin təpəciklərin tez-tez suvarılmasının ərazidə sürüşməyə səbəb olması yanlışdır. Bunun süni təpəciklərlə heç bir əlaqəsi yoxdur”.
Gələcəkdə həmin təpəciklərin sökülməsinə gəlincə qurumun sözçüsü bu haqda heç bir informasiyaya malik olmadığını deyib.
Qeyd edək ki, bir neçə gün öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində sürüşmə olub. Nəticədə Avtovağzalın yola yaxın həyətində, eyni zamanda əsas yolda iri çatlar əmələ gəlib və yolun istinad divarları əyilib.
Son günlər ölkə ərazisində intensiv yağışların yağması ərazidə sürüşmə prosesinin aktivləşməsi və çatların genişlənməsinə və çökmənin dərinləşməsinə səbəb olub.
Aytən ZƏHRA