Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir. Modern.az bildirir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, ölkə üzrə əhalinin 75 faizi internet, 65 faizi isə geniş zolaqlı internet istifadəçisidir. Bundan başqa, ev təsərrüfatlarının 58,3 faizində kompüter var və ev təsərrüfatlarının 75,2 faizi internetə çıxışa malikdir. İnternet və geniş zolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.
Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 99 faizi açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilib. İclasda Milli Məclisə noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq vəziyyəti haqda məruzə də dinlənilib.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov ölkə başçısının qarşıya qoyduğu əsas vəzifələrə yenidən toxunaraq, sektor üzrə qazanılmış inkişaf tendensiyası, o cümlədən inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün əsas prioritetlərdən söz açıb.
Nazir sektorda xidmət keyfiyyətinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişafına xidmət edən, rəqabət qabiliyyətli məhsul istehsalına əsaslanan ixrac yönümlü layihələrə xüsusi diqqət verilməsi, özəl sektorun və innovativ sahibkarlığın fəaliyyəti üçün geniş imkanlar yaradılmasına və inkişafına dəstək verən liberal addımların atılması, vahid rəqəmsal bazar konsepsiyası üzərində işlərin davam etdirilməsi, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasına yönələn elektron xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsi, mobil rabitə və geni zolaqlı internetin inkişafı istiqamətində görülən işlərin sürətləndirilməsi, kosmik sahə üzrə layihələrin icrasının davam etdirilməsi, poçt sektorunun rentabelli fəaliyyətinin təmin edilməsi məqsədilə modern poçt xidmətlərinin çeşidlərinin artırılması, kibertəhlükəsizlik və informasiyaların qorunması sahəsində tədbirlərin gücləndirilməsi, eyni zamanda noyabr ayının 1-də Milli Məclisə keçirilən seçkilər çərçivəsində dairə və məntəqələrin keyfiyyətli rabitə ilə təmin edilməsi, müşahidə kameralarının fasiləsiz işinin təşkili ilə bağlı tapşırıqlarını verib.
Aytən ZƏHRA