Modern.az

İntihar edənlərin 80 faizdən çoxu əvvəlcədən ciddi xəbərdarlıqlar edirlər – RƏSMİ

İntihar edənlərin 80 faizdən çoxu əvvəlcədən ciddi xəbərdarlıqlar edirlər – RƏSMİ

Təhsil

22 Oktyabr 2015, 15:48


Dünyanın aktual problemlərindən biri də intihardır. Dünya təcrübəsi göstərir ki, əksər hallarda intiharların bədbəxt hadisə kimi qeydə alınması, bəzi hallarda isə ölümün intihar, yaxud qətl hadisəsi olub-olmadığı müəyyənləşdirilmədiyinə görə əsl intiharların sayı barədə dəqiq məlumat əldə etmək kifayət qədər çətin olur.

Lakin Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, intiharla dünyasını dəyişənlərin sayı təkcə il ərzində 1 milyon nəfər təşkil edir. Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, ölkəmizdə də bu problem mövcuddur. Belə halların qarşısını almaq məqsədi ilə Azərbaycanda Psixi Sağlamlıq Mərkəzi 2012-ci ilin oktyabr ayından insanlara daha geniş psixoloji yardım xidmətlərinin göstərilməsi üçün fəaliyyətə başlayıb. İntihar niyyəti, buna cəhd və realizə edilən özünə qəsdin yetərincə ümumi xüsusiyyətlərə malik olmasına baxmayaraq, məna etibarilə onlar müxtəlif hərəkətləri əks etdirirlər.

Məhz bu səbəbdən Psixi Sağlamlıq Mərkəzində intihar niyyətlərinin qiymətləndirilməsi və profilaktikası üçün göstərilən xidmətlər olduqca vacibdir.  

Psixi Sağlamlıq Mərkəzi dörd istiqamətdə fəaliyyət göstərir. İlk növbədə intihar və digər böhran vəziyyətləri üçün Təcili Psixoloji Yardım şöbəsi yaradılıb.

Bu şöbədə müraciət edən şəxslərlə daha çox böhran vəziyyətinin araşdırılması, psixoloji problemlərin aradan qaldırılması məqsədilə yardım edilir. Şöbədə müxtəlif psixoterapiya xidmətləri, fərdi və qrup psixoterapiyaları aparan psixoloqlar, o cümlədən problemin tibbi aspektlərini qiymətləndirmək üçün psixiatrlar, sosial yönümlü problemlərin araşdırılması və aradan qaldırılması üçün sosial işçilər çalışır.

Şöbə daxilində göstərilən digər vacib xidmət isə “İnam” telefon xəttidir (566 50 61). Böhran vəziyyətlərinin qarşısının alınması və böhran vəziyyətinə anında müdaxilə edə bilmək üçün ixtisaslı mütəxəssislər həmin xətdə xidmət göstərirlər.  

Məlymmatda qeyd edilir ki, ağır və xroniki psixi pozuntular zamanı intihar riskini daha da yüksəkdir.

Psixi Sağlamlıq Mərkəzinin Müalicə-konsultativ şöbəsi belə pasiyentlərə məsləhət-müayinə və müalicə xidmətləri göstərir. Pasiyentin vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün gündüz stasionarı xidməti təşkil edilib. Gündüz stasionarı ənənəvi stasionarın alternativ formasıdır. Bu stasionarın müsbət cəhəti odur ki, insan öz yaşadığı mühitdən uzaqlaşmadan ənənəvi stasionar xidmətlərini alır və evə gedə bilir. Şəxs bunun nəticəsində daha az stiqma problemi və diskriminasiya ilə qarşılaşır. Gündüz stasionarını Səhiyyə Nazirliyi müasir dərmanlarla və yeməklə təchiz edir.

Psixi Sağlamlıq Mərkəzinin göstərdiyi ən əsas və vacib xidmət ağır psixi pozuntulardan əziyyət çəkən insanlar üçün Psixososial Reabilitasiya şöbəsinin fəaliyyət göstərməsidir.

Ölkəmizdə ayrı-ayrı mərkəzlərdə uşaqlar üçün reabilitasiya xidmətləri mövcuddur, lakin bura yeganə mərkəzdir ki, 18 yaşdan yuxarı şəxslər psixososial reabilitasiya xidmətləri üçün müraciət edə bilərlər. Ağır psixi pozuntular zamanı intihar riskini azaltmaq üçün pasiyentlərin sosial həyata adaptasiyası təşkil olunmalıdır. Məhz belə pasiyentlərin sosial adaptasiyasını yaxşılaşdırmaq üçün multidisiplinar komanda fəaliyyət göstərir.

Bu zaman pasiyentlərə “CARE” üsulu ilə yanaşmaqla onların problem və məqsədlər planı araşdırılır. Bu zaman hər pasiyentə psixiatr, psixoloq, sosial işçi, reabilitasiya üzrə mütəxəssis və digər ixtisaslı işçilər tərəfindən multidisiplinar komanda xidmətləri göstərilir. Komanda şəklində təşkil olunan xidmətlərə psixoterapiya, sosial iş, koqnitiv remidiasiya, əmək terapiyası, art terapiya, qrup terapiyası, drama, idman, ilkin ibtidai biliklər, özünə qulluq, kulinariya daxildir.  İntihara münasibətdə kütləvi şüurda bəzi stereotiplər mövcuddur.

Adətən, belə düşünülür ki, intihar edənlər öz əməllərini tamamilə dərk edirlər və onların öz həyatları ilə istədikləri kimi davranmağa tam hüquqları çatır. Ancaq bir qədər öncə qeyd edildiyi kimi, intihar etmək fikrinə düşən insanlar, eyni zamanda ziddiyyətli hisslər keçirirlər: bir tərəfdən onlar ölüm arzulayırlar, digər tərəfdən yaşamaq istəyirlər.

Digər səhv düşüncə, əgər insan bir dəfə hər şeyə son qoymaq istəyibsə - intiharın qaçılmazdır olması ideyasıdır. Lakin intihar cəhdləri daha çox kəskin həyat böhranı dövründə yaranır. İnsan böhrandan tamamilə çıxdıqdan sonra intihar etmək ehtimalı yox olur. İntihar etmək niyyətinin yaşanmasında ciddi təcrübəyə malik olan əksər insanlar sonradan uzun illər və onilliklər yaşayırlar. İntiharla bağlı üçüncü yanlış fikir bu barədə çox danışan insanların heç vaxt onu həyata keçirməmələri düşüncəsidir.

Buna baxmayaraq, intihar edənlərin 80 faizdən çoxu həyatdan köçmək istəmələri barədə öncədən kifayət qədər ciddi xəbərdarlıqlar ediblər. İntiharla bağlı dördüncü yanlış fikir insanla onun özünə qəsd düşüncələrinin müzakirə edilməsi onda intihar istəyinin daha çox baş qaldırmasına səbəb ola bilməsidir.

Əslində isə intihar etmək qərarına gələn insana qarşı qayğı ilə yanaşmaq və həssaslıqla söhbət etmək onun vəziyyətini yüngülləşdirə və intiharın qarşısını ala bilər. Son olaraq onu qeyd etmək lazımdır ki, intihar – qəfildən həyata keçirilən impulsiv aktdır. Yüksək intihar riskinin çoxsaylı əlamətləri məlumdur.

Onlar intiharın həyata keçirilməsindən xeyli əvvəl müşahidə oluna bilər, əksər ciddi intihar cəhdləri isə əvvəlcədən planlaşdırılır. 

İntiharın qarşısını almaq üçün bütün cəmiyyət bu haqda məlumatlı olmalıdır. Belə ki, insan resursları ilə işləyən peşə qrupları: müəllimlər, sahə həkimləri, sosial işçilər və b. sayıqlıq göstərməli, bu hallarla rastlaşdıqda düzgün istiqamətləndirmə aparmalı və psixi sağlamlıq sahəsində çalışan mütəxəssislərlə sıx əməkdaşlıq etməlidir.

İntihar davranışının səbəbləri müxtəlif ola bilər. Bir sıra bioloji, irsi amillər, psixi və somatik xəstəliklər, psixoloji problemlər və sosial faktorlar intiharı şərtləndirə bilər. Bura təcavüz, özünə qarşı aqressiya, yardım etməyə çağırış daxildir. Eyni zamanda bir neçə göstəricilərə görə, şəxslər intihar üçün risk qruplarına daxildir.

Kişi cinsinə mənsub olma, gənc və ahıl yaş, ailənin dağılması, aşağı sosial status, işsizlik, sağlamlıq problemləri, psixi pozuntular, zərərli vərdişlər, əvvəlki cəhdlər, intihar barədə bəyanat və s. aiddir.  

İntihar davranışı intihar niyyət, özünə qəsd cəhdləri və başa çatan intihar olmaqla növlərə ayrılır. İntihar niyyəti - intihar barədə düşüncələri, həyatdan getmək üçün yollar axtarılmasını, müxtəlif hazırlıqların görülməsini özündə birləşdirir.

Özünə qəsd cəhdləri – nisbətən az təhlükəli əməllərdən başlayaraq (misal üçün, az miqdarda dərman qəbulu) həyat üçün ciddi təhlükə yaradan autoaqressiv akta qədər hərəkət spektrini əhatə edir. Başa çatmış intihar isə insanın həyatdan getməsi ilə qurtarır. İntihar niyyətlərinin qiymətləndirilməsi və profilaktikası intihar davranışının qarşısını almağa səbəb olur.      

Aytən ZƏHRA  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!