Bir nüddət öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfər gəncin sosial problemi nəzarətə götürülmüşdü.
Bu gün – oktyabrın 22-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən uhəmin 25 nəfər gəncə Bakıda mənzillər verilib.
Xəbəri Modern.az saytına Xocalıdan olan "25-lər" veriblər.
Qeyd edək ki, hələ bir neçə il öncə Parlament Jurnalistləri Birliyinin təşəbüsü ilə Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfər bir araya gətirilərkən məlum olmuşdu ki, onların əksəriyyətinin ciddi sosial problemləri var. Xüsusilə mənzil məsələsi diqqət çəkmişdi.
Bundan sonra Modern.az saytı onların mənzil məsələsinin, ümumiyyətlə, sosial problemlərinin həllinin reallaşmasını daim diqqət mərkəzində saxladı, bunun üçün müxtəlif qurumlara müraciət edildi. Bu işdə deputatlar Fuad Muradov, Rövşən Rzayev, Flora Qasımova, Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov hər zaman fəal oldular. Xüsusilə Fuad Muradov “25-lər”in sosial problemlərinin həlli üçün deputat səlahiyyətləri çərçivəsində mümkün bütün addımları ataraq, məsələni gündəmə daşıdı.
Və nəhayət, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü məsələnin həllinin gerçəkləşdirdi. Xocalıdan olan "25-lər" bu nəcib təşəbbüsə görə Leyla xanıma minnətdarlıq ediblər.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində buna paralel olaraq, “25-lər”dən bəhs edən “Böyüməyən uşaqlar” kitabı və eyni adlı sənədli film ərsəyə gəldi. Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlının ideya və ssenari müəllifliyi ilə gerçəkləşən bu məsələdə QHT-lərə Dövlər Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, millət vəkili Cavanşir Feyziyev böyük dəstək veriblər. Alman, ingilis, Türk və Azərbaycan dilində olan kitab və eyni adlı film dünyanın 10-dan artıq ölkəsində təqdim olunub.
Aytən Zəhra