Modern.az

Xocalıdan olan 16 kimsəsiz gəncə Ramanadakı şəhərcikdən ev verildi

Xocalıdan olan 16 kimsəsiz gəncə Ramanadakı şəhərcikdən ev verildi

22 Oktyabr 2015, 17:49

Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 16 nəfər gənc Ramana qəsəbəsində yerləşən köçkün şəhərciyindəki binada yaşayacaq. Modern.az saytı xəbər verir ki, bu gün onlara Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən mənzillərin açarları təqdim edilib.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 məcburi köçkün ailəsindən  16 ailəyə yeni mənzillər verilib.

Təqdimetmə mərasimində binadan 16 nəfərə mənzillərin orderləri verilib. Onlara verilən  mənzillər tam təmirli və mebellərlə təchiz olunub. Sabahdan etibarən isə açarları verilənlər evlərinə köçüb yaşaya biləcəklər. 

Bir müddət öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfər gəncin sosial problemi nəzarətə götürülmüşdü.  

Hələ bir neçə il öncə Parlament Jurnalistləri Birliyinin təşəbüsü ilə Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfər bir araya gətirilərkən məlum olmuşdu ki, onların əksəriyyətinin ciddi sosial problemləri var. Xüsusilə mənzil məsələsi diqqət çəkmişdi. 

Bundan sonra Modern.az saytı onların mənzil məsələsinin, ümumiyyətlə, sosial problemlərinin həllinin reallaşmasını daim diqqət mərkəzində saxladı, bunun üçün müxtəlif qurumlara müraciət edildi. Bu işdə deputatlar Fuad Muradov, Rövşən Rzayev, Flora Qasımova, Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov hər zaman fəal oldular. Xüsusilə Fuad Muradov “25-lər”in sosial problemlərinin həlli üçün deputat səlahiyyətləri çərçivəsində mümkün bütün addımları ataraq, məsələni gündəmə daşıdı. 

Və nəhayət, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü məsələnin həllinin gerçəkləşdirdi. Xocalıdan olan kimsəsiz gənclər bu nəcib təşəbbüsə görə Leyla xanıma minnətdarlıq ediblər.

Aytən Zəhra 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!