Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufada keçirilən «XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri» mövzusunda VIII Beynəlxalq elmi-praktik konfransda iştirak edir. O, oktyabrın 22-də RF Başqırdıstan Respublikasının başçısı Rüstəm Həmitov qəbul edib.
QMİ-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın rəhbəri Ufa konfransına qatılmaqla şərəf verdiyinə və tədbirin işində yaxından iştirakına görə A.Paşazadəyə təşəkkürünü bildirib. Dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir vaxtda Şeyxülislam A. Paşazadə kimi müdrik insanların təcrübə və biliyinə xüsusən böyük ehtiyac olduğunu bildirən R.Həmitov Rusiyanın Baş Müftisi Talqat Tacuddin və Şeyxülislam A. Paşazadə kimi dəyərli dini liderlərin mövcudluğunu Allahın lütfü kimi dəyərləndirib. R. Həmitov dini maarifləndirmə, gənclərin ənənəvi dəyərlər işığında tərbiyələndirilməsi kimi böyük elm və səbr tələb edən sahədə dini liderlərin rolunu yüksək dəyərləndiribi.
Ufa konfransını önəmli kimi qiymətləndirən respublika başçısı Başqırdıstanda dini-mənəvi sahədə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verib.
Azərbaycan xalqına və onun ləyaqətli rəhbərinə böyük ehtiramı olduğunu bildirən R.Həmitov qardaş salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə yetirməyi rica edib. O bidirib ki, Azərbaycanla Başqırdıstan arasında iqtisadi və mədəni-mənəvi sahələrdə əlaqələrin səviyyəsindən razıdır və bu münasibətlərin daha da inkişaf etməsi istəyindədir. R.Həmitov ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər etmək və İlham Əliyevlə görüşmək və ölkəmizin uğurları ilə yaxından tanış olmaq niyyətini bildirib. Respublika rəhbəri Başqırdıstanın çox vaxt ikinci Bakı adlandırılmasına toxunaraq, azərbaycanlı neft mütəxəssislərinin Başqırdıstanın neft sənayesinin yaradılması və inkişafında önəmli rolunu minnətdarlıqla xatırladıb.
Görüşdə iştirak edən Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddin 35 ildən artıq müddət ərzində yaxından tanıdığı, təhsil illərindən dost, qardaş olduğu, dini liderlər olaraq səmərəli əməkdaşlıq etdiyi və Uca Yaradana xoş gedən amallar uğrunda ötən əsrdən başlayaraq çiyin-çiyinə mübarizə apardığı Şeyxülislam A. Paşazadə haqqında xoş xatiratlarını Başqırdıstan rəhbərinin diqqətinə çatdırıb. O, Şeyxülislam A. Paşazadənin təkcə Azərbaycan, Qafqaz deyil, MDB dindarlarının dini lideri olduğunu xüsusi vurğulayaraq, onun gördüyü işlərin, dəyərli təşəbbüslərin nə qədər böyük əhəmiyyət kəsb etdiyinə diqqəti çəkib.
QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə RF Başqirdistan Respublikasının başçısı Rüstəm Həmitova qəbul üçün dərin təşəkkürlərini bildirdi. O, Azərbaycan xalqının və onun dövlət rəhbəri İlham Əliyevin səmimi salamlarını Başqırdıstan rəhbərinə və bütün qardaş başqırd xalqına yetirib. QMİ sədri önəmli Konfransın işindən, müzakirə olunan məsələlərin aktuallığından söhbət açıb. Baş Müfti Talqat Tacuddinin Başqırdıstan Respublikasındakı fəaliyyətini yüksək dəyərləndirdiyini bildirən Şeyxülislam A.Paşazadə onun, Uca Allahın bərəkəti ilə, təkcə Rusiya deyil, dünya müsəlmanlarının önəmli şəxsiyyəti, nümunəvi din xadimi olduğunu bildirib.
Şeyxülislam A.Paşazadə RF Başqirdistan Respublikasının başçısı Rüstəm Həmitovu Azərbaycanda məmnuniyyətlə gözləyəcəklərini diqqətə çatdırıb. O xüsusi vurğulayıb ki, Ufada yaşayan azərbaycanlılarla görüşləri zamanı diaspor üzvləri respublika rəhbərliyindən razılıq etmiş, həyat və fəaliyyətlərindən məmnunluq ifadə etmişlər.
Görüşün sonunda Şeyxülislam A. Paşazadə R.Həmitova Qurani-Kərim və Bakını vəsf edən tablo hədiyyə edib. Baqşırdıstan rəhbəri, öz növbəsində, xüsusi xatirə hədiyyəsini QMİ sədrinə təqdim edib.