Bu gün Gəncədəki “Şah Abbas” məscidində dindarların kütləvi saxlanılması ilə müşayiət olunan əməliyyat keçirildiyinə dair informasiyalar yayılıb.
Modern.az saytına Gəncə şəhərindən verilən məlumata görə, hadisə heç də mətbuatda yazıldığı kimi deyil: “Gəncədə Aşura ilə bağlı mərasimlərin keçirilməsi üçün “İmamzadə” dini kompleksində hər cür şərait yaradılıb. Ərazidə çadır ehsanları qurulub, namaz qılmaq üçün yerlər ayrılıb. Bu il “İmamzadə”də İmam Hüseyn meydanı da salınıb. Gəncə camaatına dini ibadətləri yerinə yetirmək üçün hər cür şərait yaradılıb”.
Bildirildiyinə görə, iğtişaş yaratmaq istəyənlər bəzi radikal qüvvələr olub. Baş yarmaq, qan tökməyin onların adəti olduğu bildirilir. Bu gün günorta saatlarında qara geyimlərdə, yaxalarında ərəbcə dəmir nişanlar olan və başqaları tərəfindən idarə edilən şəxslər şəhərin mərkəzində yürüş təşkil etmək istəyib. Həmin insanlar “yox” sözünü başa düşmədən dərhal polisə müqavimət göstəriblər. Sonradan xüsusi avtobuslar təşkil edilərək dindarlar “İmamzadə”yə aparılıb. Onların ibadətinə qadağa qoyulmayıb.
İllər əvvəl radikal qruplar Aşura günündə Şah Abbas məscidinin həyətinə yığışaraq meydana üstündə qanlı paltar olan at gətirirmişlər. Budəfəki səhnəcik düzəltmək cəhdləri isə boşa çıxıb. Məsələ burasındadır ki, qan vermə aksiyasında iştiraka dəvət edəndə həmin insanların heç biri müsbət cavab verməyib.
Dini ibadətlərin yerinə yetirilməsi üçün şəhər mərkəzindən, eləcə də qonşu şəhərlərdən gələnlər üçün pulsuz avtobuslar təşkil edilib. Hazırda ərazidə stabillikdir. İnsanların dini inancına qarşı çıxan yoxdur.
İnsanların sıxlığı nəzərə alınaraq “İmamzadə” dini kompleksi hətta su maşınları ilə təchiz olunub, yanğınsöndürən, təcili yardım maşınları hazırlıqlı vəziyyətdədir. Maşınlardakı su xüsusi analizlərdən keçirilib ki, hər hansı neqativ hal yaşanmasın. Gecə saatlarında da şəhərin işıqlandırılması tam həyata keçiriləcək”.
Gülşən RAUFQIZI