Deputatlığa namizəd Elmira Axundova 22 oktyabr 2015-ci il tarixdə saat 11:10-da Masallı rayonunun Hişkədərə kəndində seçicilərlə növbəti görüşünü keçirib.
Görüşü Elmira Axundovanın vəkili, əməkdar müəllim Musarza Mirzəyev açıb. O, Elmira Axundovanın doğma vətənə bağlılığı, millət, xalq sevgisi, onun bədii-publisistik yaradıcılığı, ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verib. 90-cı illərdə Rusiyanın kütləvi informasiya vasitələrindən istifadə etməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərindən bəhs etdi.
O qeyd etdi ki, Elmira xanım seçicilərinin hüquqlarının qorunmasında, onların problemlərinin aradan qaldırılmasında, qısacası yerli problemlərin həllində yaxından iştirak etməklə yanaşı, həm də Azərbaycan xalqını beynəlxalq səviyyədə ləyaqətlə, şərəflə təmsil edən bir şəxsdir. Bütün bu xidmətlərinə görə də o, seçiciləri noyabrın 1-də keçiriləcək seçkilərdə Elmira Axundovaya dəstək olmağa çağırdı.
Daha sonra Elmira Axundovanın vəkili, tanınmış ziyalı Yeganə Musazadə də çıxış etdi. O da öz növbəsində Elmira Axundovanın 90-cı illərdəki fəaliyyətindən bəhs edərək bunları dedi: “Elmira xanımın 1990-cı illərdəki fəaliyyəti qorxmazlıq və mərdliklərlə doludur.
Heydər Əliyevə qarşı olan hücumların dəf edilməsində, onunla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Elmira xanımın necə şövqlə mübarizə apardığının canlı şahidi olmuşam. O, həmçinin bu bölgəyə, torpağa, millətə bağlı şəxsiyyətdir. Mən əminəm ki, hər bir seçici onu belə bir şəxsin Milli Məclisdə təmsil etməsini arzu edərdi. Buna görə inanıram ki, sizlər bu dəfə də Elmira Axundovaya etimad göstərərək ona səs verəcəksiniz”.
Görüşdə kənd sakinləri Şiriyev Məmmədağa, Gözəlli Ülvi və s. çıxış edərək Elmira Axundovaya dəstək olacaqlarını qeyd etdilər. Görüşün sonunda deputatlığa namizəd Elmira Axundova görüşə gəldikləri, ona dəstək verdikləri üçün sakinlərə təşəkkür etdi. Əminliyini bildirdi ki, deputat seçiləcəyi təqdirdə növbəti 5 ildə rayonun inkişafı üçün daha böyük işlərə nail olunacaq.
O yenə də əhalini bütün ailə üzvləri ilə birlikdə seçkilərdə fəal olmağa çağırdı.