YAP Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsi 1 noyabr parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiyanın 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Rüstəm Xəlilovun seçicilərlə növbəti görüşünü keçirib. Modern.az xəbər verir ki, Sabirabad rayonunun Moranlı və Əlilənbəyli kəndlərində gerçəkləşən görüşlərə xeyli sayda seçici qatılıb.
Görüşlərdə çıxış edən YAP Sabirabad rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Nadir Quliyev namizədi seçicilərə təqdim edərək onun ictimai-siyasi fəaliyyəti barədə məlumat verdi.
Kənd ağsaqqallarının da iştirak etdikləri görüşlərdə namizədlə seçicilər arasında səmimi münasibət müşahidə edilirdi. Aydınca hiss edilirdi ki, onlar qarşıdan gələn seçkilərdə də Rüstəm Xəlilova etimad göstərəcəklər.
YAP-ın namizədi seçicilərlə görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi ölkə vətəndaşlarının yaxşı yaşamasının əsas şərti kimi dəyərləndirdi. Vurğuladı ki, ölkə ictimaiyyəti Azərbaycanın bugünkü reallıqları fonunda seçkilərə qatılıb, öz seçim hüquqlarından istifadə edərək hansı siyasi qüvvəyə, namizədə səs verəcəyini artıq heç bir çətinlik çəkmədən müəyyənləşdirmək imkanındadır. Ölkədəki seçkiqabağı sabitlik də məhz bu amildən qaynaqlanır. Azərbaycanın hazırkı inkişafı göz qabağındadır. İnanıram ki, hər gün yeniləşmənin, inkişafın, tərəqqinin şahidinə çevrilən xalq düzgün dəyərləndirmə aparmaqla seçki prosesində fəal iştirak edəcək və ən layiqli namizədə səs verəcəkdir.
Görüşlərdə seçicilər Rüstəm Xəlilova kəndlərin problemləri və onların həllinə dair təklif və fikirlərini bildirdilər. Namizəd yenidən deputat seçiləcəyi təqdirdə həmin problemlərin həllinə köməklik göstərəcəyinə söz verdi. Qeyd etdi ki, bu gün Sabirabadda gedən abadlıq-quruculuq işlərinin miqyası həmin problemlərin tezliklə həll olunacağına zəmin yaradır.
Görüşlərdə çıxış edən seçicilər Rüstəm Xəliova yenidən səs verərək etimad göstərəcəklərini bildirdilər.
Modern.az