Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimi olub. Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə layihənin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Təqdimatdan əvvəl Leyla Əliyeva layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanov ilə görüşüb, yaradıcı heyəti premyera münasibətilə təbrik edib.
Tamaşaçıların maraqla gözlədiyi təqdimat mərasimində əvvəlcə çəkiliş prosesini əks etdirən kadrlar nümayiş olundu.
Gecənin aparıcısı kinolayihə barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, indiyədək dünyada “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr həyata keçirilib. “Bakı, mən səni sevirəm” bu istiqamətdə çəkilmiş ekran əsərlərinin bir növ davamıdır.
Bu kinonovella “Mosfilm” kinokonsernində istehsal olunub. “Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılan doqquz dəqiqəlik qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Təsadüf”) ibarətdir. Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan). Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.
Kütləvi səhnələr də nəzərə alınmaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən artıq aktyor və aktrisa rol alıb.
Sonra film təqdim olunub.
Modern.az