Modern.az

Məhkəmə Pərviz Həşimlini azadlığa buraxa bilər

Məhkəmə Pərviz Həşimlini azadlığa buraxa bilər

26 Oktyabr 2015, 14:54


13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli həyat yoldaşı ilə görüşüb. İlahə Həşimli Modern.az saytına verdiyi məlumatda onun vəziyyətinin normal olduğunu bildirib: “Vaxtını mütaliə ilə keçirir. Məhbusluq həyatıdır, başqa nə edə bilər ki?..”.

O, görüş üçün hər hansı məhdudiyyət qoyulmadığını da qeyd edib: “Rəsmi qaydada 15 gündən bir görüşmək mümkündür. Həmin günlərdə heç bir maneə olmur”.

İlahə Həşimli oktyabrın 27-də keçiriləcək məhkəmədən ədalət gözlədiyini bildirib: “Sabah Ali Məhkəmədə Pərvizin kassasiya şikayətinə baxılacaq. İnanıram ki, məhkəmə obyektiv keçirilərsə, Pərvizə bəraət düşər”.

Pərviz Həşimlinin vəkili isə sabahki məhkəmə prosesinin təxirə salındığını bildirib.

“Pərviz Həşimlinin məhkəmədə iştirakının təmin olunması məqsədilə sabah keçirilməsi nəzərdə tutulan məhkəmə təxirə salınıb”.

Pərviz Həşimlinin vəkili Elçin Sadıqov Modern.az saytına açıqlamasında onun cinayət işində şərlənməsilə bağlı kifayət qədər ciddi sübutlar mövcud olduğunu bildirib:

“İttihamın əsasını təşkil edən sübutların hamısı saxta və Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edən hal şahidlərinin ifadələridir. Məsələ burasındadır ki, hal şahidlərinin ifadələri də heç nəyi sübut etmir. Biz düşünürük ki, Pərviz Həşimliyə bəraət verilməlidir. Situasiyanın dəyişilməsinin (MTN işi) buna hansı dərəcədə kömək edəcəyini zaman göstərəcək. Bu, məhkəmənin gələcəkdəki qərarından asılı olacaq”.

Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM