Bakı-Sumqayıt yolunda yaranan çatların üzəri asfaltlanıb. Bu haqda Modern.az-a açıqlama verən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Ncəfov bildirib ki, sürüşmə dayandığı üçün onlar çatlar yaranan ərazini nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi məqsədi ilə asfaltlayıblar:
“Hazırda sürüşmə gedən ərazinin aşağı hissəsində bərkitmə işləri aparılır. Sürüşmənin dayanması ilə bağlı açıqlama verildiyi üçün biz Bakıya girişdə əsas yolda yaranan çatların üzərini müvəqqəti asfaltlamışıq ki, nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem yaşanmasın. Çünki orada yol 3-4 sm çökmüşdü. Bu da nəqliyyat vasitələrinin hərəklətində problem yaradırdı, həmin hissəyə gələndə onlar sürətlərini azaltmaq məcburiyyətində qalırdılar. Bu cür problemlər yaranmasın deyə, həmin hissə bərpa olunub”.
Bir müddət öncə Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksinə aid hissəsində çatlar yaranıb, asfalt örtüyü çökərək yolun istinad divarları əyilmişdi. Sürüşmə nəticəsində əsas yolda da çatlar yaranmışdı.
Aytən ZƏHRA