ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində bu gün Bakıya gələcəklər. Səfər zamanı həmsədrlərin Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi ilə görüşü də gözlənilir.
İcmanın rəhbəri Bayram Səfərov Modern.az-a açıqlamasında görüşün vaxtının məlum olmadığını bildirib. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı azərbaycanlı icmasının mövqeyi müzakirə olunacaq:“Bizim əsas istəyimiz işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır və bu istiqamətdə danışıqlar gedir. Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərindən çıxarılmalı və torpaqlarda tezliklə legitim hökumət bərpa olunmalıdır.
Bu baxımdan da Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərin keçirilməsində maraqlıdır, amma görüşün nə zaman baş tutacağı məlum deyil”.
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 26-da Yerevanda Ermənistan prezidenti Serj Sərkisyanla görüşüblər. Onlar Dağlıq Qarabağa səfər etdikdən sonra təmas xəttini keçərək Azərbaycana gələcəklər.
Vüsalə Qəzənfərqızı