Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş Rauf Əliyev Pirallahı qəsəbəsində seçicilərlə növbəti görüşünü keçirib.
Görüşdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov və YAP mərkəzi seçki qərargahının Pirallahı rayon şöbəsinin sədr müavini Əli Kərimov, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Babayev seçicilərə deputatlığa namizəd Rauf Əliyevin fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Seçicilər qarşısında çıxış edən Rauf Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılması nəticəsində hər bir yaşayış məntəqəsinin sürətlə inkişaf etdiyini qeyd edib.
Deputatlığa namizəd ölkədə qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin inkişafına böyük diqqət göstərildiyini vurğulayıb.
Rauf Əliyev Milli Məclisin üzvü kimi, ötən beşillik fəaliyyətinin yüksək dəyərləndirilməsinə görə, seçicilərə təşəkkür edib.
O, yenidən millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin etimadını layiqincə doğrultmağa çalışacağını bildirib.
Görüşdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Dilbazi Babayeva, Pirallahı qəsəbə məscidin axundu Elçin Baxşəliyev və digərləri 01 noyabr seçkilərində YAP-ın namizədi Rauf Əliyevi yekdilliklə dəstəkləyəcəklərini qeyd ediblər.
Sonda deputatlığa namizəd Rauf Əliyev seçiciləri maraqlandıran sualları cavablandırıb.