Müsavat Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina edib. Məlumat üçün bildirək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı 33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa namizəd idi.
Eyni dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi olan, deputat Hüseynbala Mirələmov Arif Hacılın geri çəkilməsinə münasibət bildirib.O, Modern.az saytına açıqlamasında deyib ki, Arif Hacılı seçkidə iştirak etsəydi, bu daha yaxşı olardı.
“O gərək geri çəkilməyəydi. Azərbaycanda demokratik seçki keçirilir. Bəlkə o qalib gələcəkdi?”,-deyə Hüseynbala Mirələmov söyləyib. Deputatın sözlərinə görə, Müsavat başqanı sağlam rəqabət mühitində seçki kampaniyasını davam etdirməli idi:
“Ölkədə seçkidə iştirak üçün hər bir şərait var. Arif Hacılı qalsaydı, bu zaman rəqib ola bilərdik. Amma Müsavat Partiyası seçkidən imtina etdi”.
Modern.az