28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyevin təbliğat-təşviqat kampaniyası sona çatdı.
Belə ki, Eldar Quliyev bu gün Maştağa qəsəbəsində seçiciləri ilə keçirilən görüşlə təşviqatını başa vurub.Görüşdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi Rövşən Kazımov bildirib ki, oktyabrın 9-dan bu günə qədər ciddi təbliğat-təşviqat işləri aparılıb:
“Biz seçki təbliğatı başlayandan bu günə qədər işimizi çox məsuliyyətli şəkildə yerinə yetirmişik. Nardaran, Zabrat, Maştağa və Bilgəh qəsəbələrində seçicilərlə yüksək səviyyədə görüşlər keçirmişik. Seçicilərin problemləri dinləyib, onlarla sıx təmasda olmuşuq. Nəticə etibarilə onu deyə bilərəm ki, Bakı kəndlərində birmənalı şəkildə Eldar Quliyevə səs verəcəklərini bildirirlər. Onlar bunu əsas gətirirlər ki, Eldar Quliyev deputatlıq fəaliyyəti dövründə Bakı kəndlərini Milli Məclisdə layiqincə təmsil edib və seçicilərinin qaldırdığı bütün məsələlərə kömək edib. Bu da seçicilərlə deputat arasında olan münasibələrin və Eldar Quliyevin dövlət qurumlari ilə sıx əməkdaşlığının nəticəsidir. Seçicilərin seçimi yalnız Eldar Quliyevdir”.
Eldar Quliyev isə çıxışında seçicilərinin ona göstərdikləri etimaddan dolayı təşəkkür edib:
“Mən hər zaman sizlərin yanında olmuşam və bundan sonra da belə olacaq. Problemlərinizin həlli üçün qanunvericilik və deputatlıq səlahiyyətlərim çərçivəsində əlimdən gələn bütün köməkliyi göstərmişəm. Bakı kəndlərinin yekdilliklə mənə səs verməsi mənə olan etimadın göstəricisidir. Bir daha seçicilərimə bundan dolayı təşəkkür edirəm".
Sonda Eldar Quliyev bir daha seçicilərinə səslənərək onları 1 noyabr parlament seçkilərində aktiv şəkildə iştirak etməyə çağırıb.
Qeyd edək ki, təbliğat təşviqat kampaniyasına ayrılan vaxt sabah 08:00-da başa çatır.
Modern.az