Modern.az

Saxta səsvermənin “Virtual deputatları” - ARAŞDIRMA

Saxta səsvermənin  “Virtual deputatları” - ARAŞDIRMA

30 Oktyabr 2015, 18:45


Milli Məclisə seçkilərə iki gün qalıb. 31 oktyabr saat 8:00-da təbliğat kampaniyaları başa çatacaq. Seçkilərin təbliğat kampaniyası dövründə namizədlərin KİV-də və sosial şəbəkələrdə təşviqat işləri təşkil edilib.

Analoji olaraq 2015-in parlament seçkiləri üçün xüsusi olaraq bir sıra saytlar yaradılıb və həmin internet resurslarda seçki ilə bağlı məlumatlar öz əksini tapıb.

Bu seçki kampaniyasında ən maraqlı nüanslardan biri də internet səsvermələri oldu. Bir neçə portal və yeni yaradılmış saytlarda namizədlərin onlayn səsverməsi həyata keçirilirdi.

Seçki prosesinin onlayn sistemə keçirilməsi ilə bağlı layihələr təklif edənlər də oldu. Hətta bu məqsədlə “testlərin” keçirilməsi gündəmə gəldi.

Builki kampaniya dövründə xeberler.az, namized.com, azxeber.az, editor.az, milletvekili.az və azadlıq.org saytlarında online səsvermə keçirilir.

Xarakter etibarı ilə milletvekili.az və namized.com digərlərindən fərqlənir. Belə ki, səsvermə sorğuları digər saytlarda İP ilə ölçülürsə, milletvekili.az saytında sadəcə 5 ballıq sistemlə həyata keçirilirdi. Xeberler.az-ın fərqli funksiyası robot səsverməni əngəlləməsidir.

Vitrual səsvermələr arasında saytın özündə də iddia olunduğu kimi “ən obyektiv” namized.com hesab edilirdi. Burada səsvermə prosesi Facebook sosial şəbəkəsinə qoşulub və hər bir facebook hesabından yalnız bir namizıdə səs vermək mümkündür. İlk baxışdan həqiqətən də şəffaf görünən bu sistemə müdaxilə imkanları mükünsüz hesab edilə bilərdi. Amma...

Saytda kiçik bir araşdırma apardıq. Sistemdə dövrü olaraq hər dairə üzrə liderlik edən namizədlər sıralanıb. Göründüyü kimi rəqəmlər və faizlər də kifayət qədər fərqlidir. Bəzi yerlərdə “liderlik” edənin yalnız 10 səsi varsa, başqasında bu rəqəm 1200-dür.



İddia edilə bilər ki, bu həmin dairədən seçicilərin səsverməyə olan marağından irəli gəlir. Lakin alternativ bir sual meydana çıxır. 3 gün əvvəl cəmi 50 səsi olan namizəd bir gecənin içində fantastik rəqəmə imza atır. Belə çıxır ki, seçicilər bütün gecəni yatmayıb öz namizədlərinə səs veriblər?!

Bundan başqa, digər səsvermə saytlarında reytinqi olduqca aşağı olan, eyni zamanda mətbuatda seçiciləri ilə görüşlərindən bir xəbər belə yayımlanmayan, bəzi hallarda 7-8 nəfərlə görüşlər keçirən namizədlər burada “liderlik” edir. Özü də yüksək faizlə. Maraqlıdır, görəsən öz namizədlərini dəstəkləyən seçicilər niyə başqa səsvermə saytlarına müraciət etmirlər.

Araşdırmamız nəticəsində bəzi faktlar əldə etdik. Məlum oldu ki, namized.com-da keçirilən səsverməyə kənar müdaxilə mümükün olmadığından ancaq “daxili yollarla” məsələlər həll edilir. Belə ki, namizədlərə yumşaq desək öz “seçicilərinin səsləri” satılır. Qiymətlər isə o qədər də yüksək deyil. 100 manatdan başlayaraq 600 manata qədər (bizi məlumatlandıran mənbənin bildiyi son rəqəm) dəyişir. “Ən şəffaf səsvermə” saytının bu cür “şəffaf” yollardan istifadə etməsinin yalnız bir məqsədi var. Pul qazanmaq. Əslində hələ təbliğat kampaniyasının əvvəlində buraxılan şayiəyə görə, guya bu saytı MSK yaradıb və onlayn səsverməni “test etmək” məqsədini daşıyır. Lakin qısa müddətdən sonra məlum olur ki, bu sadəcə olaraq internet proqramlarından yaxşı baş çıxaran bir neçə işbazın məhsuludur.

Təbii ki, əgər bu şəffaf təşkil olunsaydı təqdir ediləsi bir hal olardı. Lakin görünən odur ki, burada “biznes qurmaq” planları olub və öz nəticəsini də verib.

Bir maraqlı nüansı da diqqətə çatıdırmaq istərdik. Virtual səsvermə prosesi başa çatmadan bir neçə “dairənin nəticələrini də ləğv edilib.” Görünən odur ki, saytın admini namized.com-u MSK, özünü isə Məzahir Pənahov hesab edib.



P.S.
Bizi isə sadəcə olaraq bir məqam maraqlandırır. Bu sualın cavabını isə yalnız “Virtual deputatlar” verə bilər. Azərbaycanda mövcud seçki mühitindən istifadə edərək parlamentə seçilmək əvəzinə, kiməsə 5-10 manat verib virtual olaraq özünü birinci etməyin mənası nədir?

Əslində bunun sadə bir cavabı var. Təcrübəsizlik. Amma əgər kimsə özünü virtual olaraq deputat görmək istəyirsə, o zaman bu adamlara mane olmaq lazım deyil. Qoy “seçilsinlər.” Sonra da gedib mövcud olmayan seçicilərinin problemləri ilə məşğul olarlar. Belə adamlar üçün Azərbaycanda kifayət qədər inkişaf etmiş müalicə mərkəzləri var.

P.P.S. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümidvarıq ki, seçkilərdən sonra bu istiqamətdə hüquqi çərçivədə addımlar atılacaq.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi