Modern.az

Həyat etüdləri

Həyat etüdləri

31 Oktyabr 2015, 12:40

Hərəsi dörd cümləlik dörd hekayə

Baş redaktor ilk cümləni oxuyub dəhşətə gəldi; “... milli bəstəkarlıq və ifaçılıq sənətimizin qızıl taclısı, nəinki öz yaşıdları və tələbə yoldaşları, ümumən ölkəmizdə və Qafqazda əvəzolunmaz bir ifaçılıq məktəbinin yaradıcısı, korifey sənətkar kimi tanıdığımız N.N. tamaşaçılarımızın ürəyində özünə əbədi bir məhəbbət qazanıb.”

Daxili telefonla gənc əməkdaşı yanına çağırıb yazını geri qaytardı.

-Qoy bu hələlik qalsın, sən bir Üzeyir bəy haqqında iki səhifəlik yazı hazırla, növbəti nömrədə dərc edək.

-Müəllim, familyası deyəsən “zadə” ilə bitir hə, onumu deyirsiniz?

 -...

                                                        ***

Səlim müəllim idarədə çuğulluğu, xəbərçiliyi ilə ad qazanan, əslində yerində olmadığı işindən savayı hər şeylə ciddi maraqlanan, burnunu hara gəldi soxan şeytansifət əməkdaşa rast gəldiyinə peşiman oldu.

-Müəllim, xəbərin var, birinci mərtəbədəki tualetin kranı axıdır, giriş qapısındakı telefon da bir həftədir ki, işləmir ?..

Səlim müəllim söhbəti dəyişmək üçün əli ilə pəncərəni döyəcləyən yağış damlalarına işarə elədi və gözlədiyi cavabı da aldı.

-Əşşi belə şey olar, heç yağışın yeridir bəyəm, yağış bilmir ki, müdir bu gün işə təzə kostyumla gəlib?

                                                        ***

Yaşı səksəni ötmüş Ələsgər müəllim güc-bəla üçüncü mərtəbədəki kirayədə yaşadığı mənzilin qapısını açıb pilləkənləri zorla düşərək həyətə çıxdı. Çoxdan görüşmədiyi qonşuların heç biri gözə dəymirdi. Yaxınlıqdakı kafedə könlündən çay içmək keçsə də həmişə oturdugu kabinetə buraxmadılar ki, ora yalnız yemək sifarişi verənlər üçün ayrılıb artıq.

Bayıra çıxıb yolüstü mağazadan gücü çatan qədər – cəmi yarım kilo nar alıb mənzilinə qalxdı.

-Hə, deməli mənimki bura qədərmiş, qoy bu narları sıxım, şirəsini içim, bəlkə axşamadək bir faydalı təklif gəldi kimdənsə...

                                                        ***

Vasif onunla bir mərtəbədə çalışan Rasim müəllimə daxili telefonla zəng elədi.

-Müəllim bəlkə bir əlli manat düzəldəsən, axşama bir yerə dəvətliyəm, cibimdə də...

-Sən öl qardaş, mən də sənin günündəyəm, bu günlük bağışla.

Vasif məyus halda dəstəyi yerinə qoydu; - biri zəng etdiyinə peşimançılıq çəksə də, o biri asanlıqla aldatdığına görə yamanca xoşhal olmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi