Modern.az

“Azərbaycanda demokratik seçki keçirilməsi üçün hər cür şərait yaradılıb”

“Azərbaycanda demokratik seçki keçirilməsi üçün hər cür şərait yaradılıb”

31 Oktyabr 2015, 14:13

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, eyni zamanda icra katibi Əli Əhmədov partiyanın qərargahında MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidə missiyasının nümayəndə heyəti ilə görüşüb.

Modern.az saytının verdiyi xəbərə görə, Əli Əhmədov Azərbaycanda noyabrın 1-nə nəzərdə tutulan parlament seçkilərinin azad, şəffaf, demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün yaradılan şəraitdən danışıb.

Onun sözlərinə görə, Azərbaycanda demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb.

Əli Əhmədov ölkədə seçki ab-havasının çox müsbət, xalqın seçki əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edib.

O, demokratiyanın vacib amillərindən birinin seçkilərin şəffaflığının təminatının təsdiqi kimi prosesin beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin müşahidəçilərinin izləməsi olduğunu bildirib. Baş nazirin müavini Azərbaycan dövlətinin beynəlxalq müşahidə missiyalarının seçkiləri izləmələrinə yaratdığı şəraiti prosesin demokratik, azad və şəffaf keçirilməsinə göstərdiyi diqqət və verdiyi önəm kimi dəyərləndirib.

MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvləri ölkəmizdə seçki mühitindən razı qaldıqlarını qeyd ediblər. Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinin göstəricilərindən biri kimi seçkilərin demokratikliyinə, beynəlxalq standartlara uyğun keçirilməsinə göstərilən diqqət xüsusi vurğulanıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi