Modern.az

“Kənd Təsərrüfatı Nazirliyi yoxlamaların sayını minimuma endirəcək”

“Kənd Təsərrüfatı Nazirliyi yoxlamaların sayını minimuma endirəcək”

31 Oktyabr 2015, 15:14

Kənd təsərrüfatı naziri Heydər Əsədov kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə ilə keçirilən tədbirdə bu ilin 9 ayı ərzində əldə olunan nailiyyətlərdən danışıb. Modern.az-ın verdiyi xəbərə görə, nazir deyib ki, kənd təsərrüfatı ili çərçivəsində 50 tədbir həyata keçirilir: “Bu il dövlətin kənd təsərrüfatının inkişafına yardımı daha çox olub. Qarşımıza qoyduğumuz şəffaflığa və məqsədlərə nail olmuşuq.

İkinci ən böyük məsələ struktur dəyişiklikləridir. Nazirlikdə və onun strukturuna tabe olan təşkilatlarda geniş dəyişikliklər həyata keçirilib”.

Heydər Əsədov qeyd edib ki, elektron kənd təsərrüfatı məlumat bazasını, məlumatların avtomatlaşdırılması prosesini, elektron kənd təsərrüfatı sisteminin yaradılması istiqamətində nəzərə çarpan nailiyyətlər də əldə olunub.

Jurnalistlərin suallarını cavablandıran nazir yoxlamaların dayandırılması haqqında prezidentin imzaladığı fərmandan da danışıb: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən funksional vəzifə fəaliyyəti, birbaşa yoxlama deyil, baxışdır. Bu, birbaşa hansısa firmaları, fermerləri deyil, məhsullara baxış keçirtmək və onlara baxışı əhatə etmək xarakteri daşıyır. Ona görə də müayinə, baxış, ekspertiza və yoxlamanı fərqləndirməliyik.

Yəni baxış əti, südü və digər sahələri əhatə edir. Xüsusi yoxlamalar yoxdur və bunu planlaşdırmırıq. Yalnız nazirliyin daxili audit qurumu tərəfindən yoxlamalar aparırıq. Bu isə ancaq daxili idarə və strukturlara aiddir. Keçən il belə 6-7 yoxlama həyata keçirilib. Onun da 3-4-ü istintaq orqanlarına verilib. Bunun da sayını da azaldacağıq”.

Kənd təsərrüfatı naziri lisenziyalar haqqında da fikirlərini açıqlayıb: “Lisenziya ilə bağlı prosesi “ASAN xidmət” həyata keçirəcək. Lisenziyaya nəzarəti və verilməsini isə İqtisadiyyat və Sənaye Nazirliyi edəcək. Ona görə lisenziya verildikdən sonra biz ancaq həmin müayinələri, baxışları keçirəcəyik”.

Heydər Əsədov xüsusi olaraq vurğulayıb ki, kənd təsərrüfatı məhsullarını ixracına görə dövlət heç bir vergi və rüsum müəyyən etməyib: “Bu özü çox böyük stimullaşdırıcı addımdır”.

Nazir sonda qeyd edib ki, kənd təsərrüfatı üçün alınan texnikaların həcmi də artıb: “Əgər 9 il ərzində alınan texnika 11200 ədəd olubsa, bu ilin 9 ayı ərzində alınan texnikanın sayı 6200-ə yaxındır. Eyni göstəriciləri gübrələrə, cins heyvanlara da aid etmək olar. Bu il alınan cins damazlıq heyvanlar 9 il ərzində aldığımız heyvanların 88 faizinə bərabərdir”.

Ağa Akifoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi