Modern.az

“Sükut günündə sosial şəbəkələrdəki təbliğat da dayandırılmalıdır”

 “Sükut günündə sosial şəbəkələrdəki təbliğat da dayandırılmalıdır”

31 Oktyabr 2015, 15:33

Parlament seçkiləri ilə bağlı səsvermənin başlamasına saatlar qalıb. Məlum olduğu kimi, bu gün səhər saat 08:00-dan etibarən namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb. Seçkilərə 24 saat qalmış sükut günü elan edilən zaman namizədlərə nələr qadağandır?

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az saytına açıqlamasında məsələnin hüquqi tərəflərini izah edib:

“Dünyanın demokratik ölkələrində olduğu kimi, Azərbaycanda da seçkilərə 24 saat qalmış sükut günü elan olunur. Qanunvericiliklə bu gün hər hansı açıqlama vermək, təbliğat-təşviqat aparmaq qadağan olunur”.

O, namizədlərin sosial şəbəkələrdə seçki ilə bağlı etdikləri paylaşımlara da münasibət bildirib:

“Facebook” sosial şəbəkəsi qanunla tənzimlənmir. Sosial şəbəkələrdə seçki ilə bağlı paylaşımların da dayandırılması arzu olunandır. Bütün hallarda, KİV-də, seçki ərazisində namizədlə bağlı hər hansı material yayılarsa, bu həm Dairə Seçki Komissiyası, həm də Mərkəzi Seçki Komissiyası tərəfindən təşviqat qaydalarının pozulması kimi qiymətləndirilə bilər.

Əgər hər hansı namizəd barəsində məlumat, onun əleyhinə olan fotoşəkil payşılarsa, bu, anti-təbliğatdır. Əslində piar formasıdır. Sükut günündə, bütün hallarda, namizədin lehinə və ya rəqibi olan şəxsin yaxınları tərəfindən əleyhinə təbliğat aparıla bilməz.

Belə halla qarşılaşan şəxs Dairə Seçki Komissiyasına və ya Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər. Komissiya məlumata həmin günü, dərhal baxıb qərar qəbul etməlidir. Bununla bağlı məhkəməyə də müraciət etmək olar. Amma nəzərə almaq lazımdır ki, məhkəmədə qısa müddətdə məsələyə baxıla bilməz”.

Hüquqşünas baş verən hadisənin miqyasının genişliyindən asılı olaraq şəxsin namizədliyinin ləğvinin mümkünlüyünü də istisna etməyib. 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi