"Sabah saat 7:30-dan başlayaraq seçki məntəqələrdə canlanma olacaq".
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, məntəqə seçki komissiyalarının üzvləri Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət göstərəcəklər. M.Pənahov qeyd edib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün geniş təlimlər keçirilib və onlar öz vəzifələrini yaxşı bilirlər: "Məntəqələrdə heç bir problem yaşanmamalıdır. Çünki bunun üçün lazım olan bütün işlər, hazırlıq görülüb"
MSK sədri seçicilərə də müraciət edib: "Seçicilər seçki məntəqələrində basabas yaratmamalıdır. Seçicilər səsverməyə gələndə növbələrini gözləməlidirlər və məntəqəyə daxil olandan sonra öz işlərini mümkün qədər tez bitirməlidirlər".
Müşahidəçilərin işi barədə danışan M. Pənahov bildirib ki, onların geniş səlahiyyətləri var və onlar seçkilərə əvvəldən axıra qədər müşahidə edə, nöqsanları qeyd edə bilərlər. "Lakin müşahidəçilər bəzən seçki komissiyalarının işinə müdaxilə edirlər. Bu baş verirsə, yuxarı seçki komissiyasına xəbər verilməlidir. Biz maksimum şəkildə çalışırıq ki, pozuntular olmasın".
***
Seçkilərə hazırlıq Mərkəzi Seçki Komissiyasının (MSK) planına və təqvim planına uyğun keçirilib.
MSK sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nəzərdə tutulmuş işlər vaxtında həyata keçirilib. M.Pənahov əlavə edib ki, 5 milyondan çox seçicinin səsverməsi üçün lazımi şərait yaradılıb: "125 deputat yeri uğrunda 767 namizəd mübarizə aparacaq, onların yarısından çoxu siyasi partiyaları təmsil edir. Namizədlər 15 siyasi partiyanı və "Azadlıq" seçki blokunu təmsil edirlər".
Onun sözlərinə görə, ən çox namizədin qeydə alındığı dairədə 12 namizəd var. Ən az namizədin olduğu dairədə isə 3 namizəd var. Həmçinin seçki məntəqələrində yüksək keyfiyyətli 1000-dən çox veb-kamera quraşdırılıb.
Müşahidəçilər barədə danışan M.Pənahov deyib ki, 66 mindən artıq müşahidəçi qeydə alınıb, onlar üçün də bütün şərait yaradılıb. O qeyd edib ki, müşahidəçilər arasında nüfuzlu təşkilatların nümayəndələri də var.
M.Pənahov əlavə edib ki, seçkilərdə 2 yerli və 2 xarici təşkilat "exit poll" keçirəcək. Onlardan biri Fransa təşkilatıdır. (Report.az)