Keçmiş baş nazir Pənah Hüseynin deputatlığa namizəd olduğu 63 saylı Sabirabad Seçki Dairəsində saxtakarlığa yer verildiyi bildirilir. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, əksər mənqələrdə sədrlər seçki bülletenlərini başqa otaqda seyfdə saxlayırlar. Həmçinin bəzi məntəqələrdə bülletenlər sayılmayıb. Üstəlik, bəzi məntəqələrdə seçki başlamadan kənar şəxslər olub.
Dairəyə aid olan 17 saylı seçki məntəqəsində müşahidəçilər P.Hüseynə bildiriblər ki, qutuya 12 bülleten topa halda atılıb. Onlar bülleten atan şəxsin bunu etiraf etdiyini və faktın aktlaşdırıldığını da bildiriblər. Məntəqə sədri isə saat 10.00-a olan seçici sayını açıqlamaqdan imtina edib. Ümumiyyətlə, əksər məntəqələr saat 10.00-a olan seçici sayını açıqlamaqdan imtina ediblər. Müşahidəçilərə heç bir məlumat verilmir.
Namizəd P.Hüseyn bir neçə məntəqədə olaraq vəziyyətlə maraqlanıb. Məlum olub ki, 7 saylı məntəqədə sədr bülletenlərin əksəriyyətini başqa otaqda seyfdə saxlayıb. Sədr müşahidəçilərin etirazına əhəmiyyət verməyib. Namizədin məntəqəyə getməsindən sonra sədr bülletenlərin hamısını səsvermə otağına gətirməyə razılaşıb.
11 saylı məntəqədə isə əlavə qapıdan içəridə kənar şəxslərin olması ortaya çıxıb. P.Hüseyn etiraz etsə də, həmin şəxsləri məktəbdən çıxarmayıblar.
15 saylı məntəqədə isə bülletenlərin dörddə üçünün başqa otaqda saxlandığı məlum olub. Həmçinin binada kənar şəxslər olsa da, məntəqə sədri və üzvləri onları çıxarmaq istəməyib. Namizəd polisi də məntəqənin bufetində gizlənmiş halda tapıb.
13 saylı məntəqədə isə sədr müşahidəçiləri seçki qutusundan çox kənarda saxlayıb. Həmçinin bir nəfərə üç bülleten verilərkən tutulub. Bülleteni sədr götürmək istəsə də, P.Hüseyn verməyib. Sədr bidirib ki, məntəqənin xanım üzvü məlumatsızlıqdan bir nəfərə üç bülleten verib.
Modern.az