16 saylı Yasamal II Seçki Dairəsindən mandat uğrunda mübarizə aparan deputatlığa namizədlərin qalmaqalı davam edir.
Deputatlığa namizəd Aytən Mustafayevanın ABŞ-ın Las-Veqas şəhərindəki kazinolardan birində çəkildiyi iddia edilən fotolarının sosial şəbəkələrdə yayılması namizədlərin bir-biri haqda səs-küylü açıqlamalar verməsinə səbəb olub.
Aytən Mustafayeva Modern.az-a açıqlamasında həmin şəkilləri montaj olunmuş variant adlandıraraq, seçkidən sonra şəxsən bu işlə məşğul olacağını deyib.
Milli Məclisin xanım deputatı rəqiblərinə də səslənib: "Mübarizəni kişi kimi, doğru şəkildə aparmalıyıq. Mən bunu kişiliyə sığışdırılan hərəkət saymıram. Kişi qadına qarşı bu cür hərəkət etməz".
Sosial şəbəkələrdə bəziləri həmin şəkillərin yayılmasında bu dairədən deputatlığa jurnalist Taleh Şahsuvarlıdan şübhələndiyini qeyd edib.
T.Şahsuvarlı isə ondan şübhələnənlərə və deputata belə cavab verib
“ İllərini jurnalistikaya həsr etmiş adam kimi deyirəm ki, o şəkillər mənim tərəfimdən saytlara ötürülməyib, mənim kitabımda bu cür qurallar, üsullar yoxdur. Bunu əlimi vicdanıma qoyaraq çox rahatlıqla deyirəm. Belə məsələlər də çox gizli qalmır, adətən. Aytən xanım qısa bir araşdırma aparsa, dediklərimin təsdiqini tapacaq. Ümumiyyətlə, mənə Aytən Mustafayevanın kazinodakı fəaliyyətini deyil, şəxsi həyatını deyil, parlamentdəki fəaliyyətsizliyini, növbəti tərkibdə dövlətə, cəmiyyətə, hakimiyyətə yararsızlığını isbat etmək önəmli idi- çünki bunlar özəl həyat yox, ictimai maraqlar məsələsidir”.
Modern.az