Türkiyədə keçirilən parlament seçkilərində səsvermənin başlaması ilə birlikdə bir-birindən maraqlı mənzərələr yaşanıb.
Modern.az Türkiyə mediasına istinadən bildirir ki, nikaha girməzdən əvvəl səsverməyə gedən bəylə gəlinin həyatında noyabrın 1-i xüsusilə önəmli olacaq.
Ərzurumda toyları seçki gününə düşən gənc cütlük nağara-zurnanın müşayiəti ilə avtomobillə əvvəlcə səs verməyə, ardından da toy salonuna gediblər.
Gənc cütlük ayrı-ayrı seçimlərini etdikdən sonra sandığa zərflərini birlikdə atıblar.
Aydında səs verdikdən sonra infarkt keçirən 51 yaşındakı Dilək Mertcan adlı qadın təcili yardımla xəstəxanaya qaldırılıb. Xəstəxanada müalicəsi sürən Mertcanın həyatı üçün təhlükənin olmadığı öyrənilib.
Muğlanın Bodrum mahalında motosiklet həvəskarı Namik Kamal Başbay səsvermə hüququndan istifadə edib 4 ay davam edəcək 40 min kilometrlik Cənubi Amerika turuna çıxıb. Başbayı yaxınları və sevənləri yola salıb.
Ordunun Cümə axşamı mahalında yaşayan 85 yaşındakı üç əkiz qadın sandıq başına gedərək səslərindən istifadə edib. Yazlıq məhəlləsində yaşayan və prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın dəstəyi ilə 2013-cü ildə evləri tikilən Emriyə, Hacar və Hayriye Sarı bacıları məhəllə muxtarı İsmət Sarı tərəfindən ayrılan avtomobillə evlərindən gətirilib.
Bursanın İznik mahalında Birsen İri 80 yaşındakı yeriyə bilməyən anasını səs verəcək məktəbin bağçasından qutuya qədər qucağında aparıb.
Özü də səs verən İri daha sonra anasını qucağında maşına qədər gətirərək evinə aparıb.
Edirnedə səsverməyə pişikləri ilə gələn Damla və Hakan İncioğlu cütlüyü diqqət mərkəzinə düşüblər.
İlhamı Erdem liseyində səsvermə hüquqlarından istifadə edən cütlük pişikləri Köpük yoldaşlıq edib. Damla İncioğlu jurnalistlərə pişiklərini tək buraxa bilmədikləri üçün məktəbə Köpüyü də gətirdiklərini söyləyib.
Balıkesirin Sındırgı mahalında 103 yaşındakı seçici Haşmiye Hattatoğulları səsvermə hüququndan istifadə edib. Evindən bir avtomobillə Kurtuluş ibtidai məktəbinə gətirilən Hattatoğluna vəzifəlilər tərəfindən etməsi lazım olan əməliyyatlar izah edilib.
Daha sonra səsvermə bülletenin, zərf və möhürü götürərək kabinəyə keçən Hattatoğlu, müşayiətçilərin köməyi ilə səsini verib. İmza ata bilmədiyi üçün seçici məlumatlarının yazılı olduğu sənədə barmaq basan Hattatoğlu, səsini verdikdən sonra evinə aparılıb.
Karabükdə, keçən il 213 santimetrlə dünyanın 18 yaşından az ən uzun boylu gənc qızı olaraq Ginnesin Rekordlar Kitabına düşən Weaver sindromu xəstəsi Rümeysa Gelgi ilk dəfə səsvermə hüququndan istifadə etməsinin sevincini yaşayıb. Anası və atası ilə Qızıl Zəfəran ibtidai məktəbinə gələrək səsini verən Gelgi burada jurnalistlərə verdiyi açıqlamada 1997-ci il yanvarın 1-də doğulduğunu, 18 yaşına girməsinin ardından ilk səsvermə hüququndan iyunun 7-dəki ı seçkidə istifadə etmək istədiyini izah edib.
Qaziantəpin Nizip mahalındakı bir ibtidai məktəbin xidmətçisi kürəyində daşıdığı iflic adamın səs verməsini təmin edib.
İflic xəstəsi Mehmet Adak səs verməkdən ötrü xüsusi avtomobili ilə Nizip ibtidai məktəbinə gəlib. Məktəbin xidmətçisi Fevzi Göysənin kürəyində 3-cü mərtəbəyə çıxardığı Adak səs verdikdən sonra evinə dönüb.
Muğlanın Fathiye mahalında axşam keçiriləcək toyuna hazırlaşan Elif Biçer gəlinlik paltarı ilə gəldiyi məktəbdə səsvermə hüququndan istifadə edib.
Havanın hərarətinin 25 dərəcəyə çatdığı Mersində və Muğlada səsvermə hüququndan istifadə edən vətəndaşlardan bəziləri daha sonra dənizə girərək çimiblər.
Modern.az