Dünən Azərbaycan Qaçqınlar Cəmiyyətinin geniş toplantısı keçirilib.
Bu barədə məlumatı qurumun sədri Əziz Ələkbərli verib. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İndiki Ermənistan tarixi Azərbaycan torpaqlarıdır və biz mütləq o torpaqlara qayıdacağıq... Bu, bizim strateji hədəfimizdir” – tarixi çıxışından sonra Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycanlıların tarixi torpaqlarımız uğrunda mübarizəsini koordinasiya etmək məqsədilə məsləhətləşmələr keçirmək qərarına gəlib və bu məqsədlə Cəmiyyətin ofisində geniş tədbir keçirilib.Tədbirdə Qərbi Azərbaycanlıların müxtəlif bölgələrini təmsil edən nümayəndələr, ağsaqqallar, ziyalılar, gənclər, QHT rəhbərləri və Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin üzvləri iştirak ediblər.
Çıxış edənlər tarixi torpaqlarımıza qayıtmaq uğrunda mübarizənin effektivliyini təmin etmək məqsədilə Qərbi Azərbaycanlıların Məsləhət Şurasını yaratmaq, Hökumətə və ictimaiyyətə təqdim etmək üçün Təkliflər Paketi və Fəaliyyət Proqramı hazırlamaq təklifini irəli sürüblər. Hər üç təklif yekdilliklə qəbul edilib, bu məqsədlə xüsusi İşçi Qrupu yaradılıb.
Modern.az